"İrandakı hadisələr region üçün təhlükə yarada bilər" - MÖVQE

13 Yanvar 2026 16:09 (UTC+04:00)

"İranda baş verən son hadisələr, təbii ki, Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün son dərəcə həssas məsələdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, Azərbaycanın tarixi torpaqlarının üçdə ikisindən çoxu bu dövlətin ərazisində yerləşir və dünya azərbaycanlılarının da təxminən üçdə ikisindən çoxu - 60 milyonluq Azərbaycan türklərinin 40 milyondan artıq hissəsi - İran adlanan ölkədə yaşayır, yerli, aborigen xalq olaraq, bu məsələ milli baxımdan xüsusi önəm daşıyır: "Əslində, 1925-ci il çevrilişindən öncə bu dövlət Azərbaycan-Türk dövləti olub. Bu baxımdan, həmin ölkədə baş verən istənilən proses milli baxımdan bizim üçün son dərəcə əhəmiyyətlidir və daim diqqətdə saxlanmalı olan məsələdir.

Bu gün baş verən proseslər, çox təəssüflər olsun ki, İranda daha çox günahsız vətəndaşların həlak olması, dövlət qurumları tərəfindən onların həyatına son qoyulması ilə müşayiət olunur. Xalqın mövcud rejimə qarşı etirazları fonunda isə xarici dövlətlər tərəfindən şah rejiminin yenidən gündəmə gətirilməsi - xüsusilə həm güneyli soydaşlarımız, həm də Azərbaycan dövləti üçün - tamamilə qəbuledilməzdir.

Fərqi yoxdur, istər şah dövrü olsun, istərsə də mollalar hakimiyyəti - hər iki rejimin həm Güney Azərbaycanda yaşayan soydaşlarımıza, həm də müstəqil Azərbaycan dövlətinə qarşı münasibəti kifayət qədər mənfi olub. Məhz bu səbəbdən biz bu gün İranda baş verən proseslərin ilk növbədə qansız-qadasız, xalqın maraqları nöqteyi-nəzərindən başa çatmasını arzulayırıq.

Lakin proseslər dərinləşərsə və regionda ciddi təhdidlər ortaya çıxarsa, heç şübhəsiz ki, Azərbaycan dövləti üçün Güney Azərbaycanda yaşayan soydaşlarımızın təhlükəsizliyi və onların gələcək müqəddəratı, eyni zamanda Azərbaycan dövlətçiliyinin taleyi baxımından bu məsələ olduqca mühüm əhəmiyyət kəsb edir və ciddi şəkildə diqqətdə saxlanmalıdır. Bugünə qədər mediada Azərbaycan tərəfindən bu məsələyə verilən reaksiyanı məhz bu baxımdan qənaətbəxş hesab etmək olar".