“Azərbaycanın mülki hava gəmisinin vurulması ilə bağlı Rusiya Federasiyasının məsuliyyəti inkar edən və hadisəni manipulyativ izahatlarla ört-basdır etməyə yönəlmiş mövqeyi beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil edir”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, beynəlxalq mülki aviasiyanın hüquqi əsasını təşkil edən Çikaqo Konvensiyasına əsasən, mülki hava nəqliyyatının toxunulmazlığı bütün dövlətlər üçün məcburi öhdəlikdir:
”Bu baxımdan baş vermiş insident hava təhlükəsizliyinin açıq və ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Moskvanın hadisəyə görə məsuliyyəti qəbul etməməsi və məsələni “texniki səhv” kimi təqdim etməsi hüquqi və siyasi baxımdan məsuliyyətdən yayınmaq cəhdi kimi görünür. Belə yanaşma təkcə konkret hadisəyə münasibətdə deyil, ümumilikdə regionda formalaşan təhlükəsizlik mühitinə dair ciddi suallar doğurur. Sözügedən mövqe Rusiyanın nəzarətsiz hərbi fəaliyyətinin yaratdığı risklərin və təhlükəsizlik boşluqlarının nəticəsi kimi dəyərləndirilə bilər və bu, mülki aviasiya üçün qəbuledilməz presedent formalaşdırır.
Bu kontekstdə Azərbaycanın atmalı olduğu addımlar emosional reaksiyalardan deyil, beynəlxalq hüquqa əsaslanan ardıcıl və çoxsəviyyəli siyasi-hüquqi strategiyadan ibarət olmalıdır. İlk mərhələdə məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Birləşmiş Millətlər Təşkilatı və müvafiq Avropa aviasiya strukturları qarşısında qaldırılmalı, hadisənin müstəqil və obyektiv araşdırılması üçün beynəlxalq istintaq mexanizmlərinin işə salınması tələb edilməlidir.
Eyni zamanda Azərbaycan Rusiya ilə ikitərəfli siyasi dialoqu kəskinləşdirmədən, lakin prinsipial mövqedən çıxış edərək məsuliyyətin tanınmasını və gələcəkdə bu cür halların qarşısının alınması üçün konkret təhlükəsizlik mexanizmlərinin tətbiqini tələb etməlidir. Əgər Rusiya tərəfi prosesdən yayınmaq xəttini davam etdirərsə, Bakı beynəlxalq hüquqi instansiyalara müraciət etməklə yanaşı, regional təhlükəsizlik əməkdaşlığını genişləndirərək və diversifikasiya edərək, tək bir güc mərkəzindən asılılığı minimuma endirmək imkanlarına malikdir.
Bu hadisə bir daha göstərir ki, Azərbaycanın əsas üstünlüyü emosional deyil, hüquqa söykənən, rasional və çoxvektorlu diplomatik yanaşmadır. Məhz bu yanaşma ölkənin beynəlxalq arenada mövqelərinin qorunması və regional təhlükəsizlik balansının təmin olunması baxımından ən effektiv vasitə olaraq qalır”.