Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən “Zeytun Park” MMC-yə məxsus “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.Yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satışı obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib.
Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil edilmiş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub. Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb.
Eyni zamanda, süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib.
Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib.
“Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.
Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz.