"Azad olunmuş ərazilər su siyasətində yeni səhifə açır" - ŞƏRH EDİLDİ

13 Yanvar 2026 15:00 (UTC+04:00)

"Azərbaycanın su ehtiyatlarının dörddə biri işğaldan azad olunmuş ərazilərdə yerləşir. Torpaqlarımız işğal altında olduğu dövrlərdə ermənilər bu vəziyyətdən istifadə edərək su terroru törədirdilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, “Sərsəng” və “Suqovuşan” su anbarlarından su mövsüm vaxtında kəsilir, lazım olmayan dövrlərdə isə buraxılaraq sel yaradılır və ərazilərimizə ciddi ziyan vurulurdu: "Bu gün həmin tarix artıq geridə qalıb və dövlətimiz öz ərazisində formalaşan su resurslarının tam sahibidir. Məhz buna görə də qısa zaman kəsiyində “Sərsəng” və “Suqovuşan”, eləcə də “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları yenidən qurularaq istismara verilmişdir.

Bu addımlar həm işğaldan azad olunmuş ərazilərin, həm də digər regionların su ilə təminatında mühüm rol oynamışdır. Su ehtiyatlarımızın böyük bir hissəsi ölkə hüdudlarından kənarda formalaşdığından, öz ərazimizdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə etməyimiz xüsusi əhəmiyyət daşıyır.

Məhz bu baxımdan növbəti mərhələdə “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisinin nəzərdə tutulması olduqca vacibdir. Çünki su həyat deməkdir. Biz nə qədər çox şirin su ehtiyatı yarada bilsək, bir o qədər də iqlim dəyişiklikləri fonunda gözlənilən su qıtlığı təhlükəsindən özümüzü qorumuş olarıq. Eyni zamanda işğaldan azad olunmuş ərazilər əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardır. Bu ərazilərdə daha məhsuldar istehsalın qurulması üçün su resurslarından qənaətlə və səmərəli istifadə olunması zəruridir. Bu baxımdan yeni su anbarlarının tikintisi aqrar sektorun sürətlə inkişafına və ərzaq təhlükəsizliyinin daha dayanıqlı şəkildə qorunmasına geniş imkanlar yaradacaqdır".