“Layihə Azərbaycanın enerji təhlükəsizliyində yeni mərhələdir” -ŞƏRH EDİLDİ

13 Yanvar 2026 14:30 (UTC+04:00)

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji təhlükəsizliyi, enerji siyasəti və beynəlxalq münasibətlər sistemi baxımından yeni strateji mərhələnin başlanğıcı hesab oluna bilər. Bu layihə ölkənin enerji təchizatında bərpaolunan mənbələrin payını artırmaqla yanaşı, enerji istehsal strukturunda şaxələnməyə şərait yaradır və Azərbaycanın neft-qaz asılılığının azaldılması istiqamətində mühüm addımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, XXI əsrdə enerji təhlükəsizliyi təkcə resursların mövcudluğu ilə deyil, həm də onların müxtəlif mənbələrdən təmin edilməsi, eksport infrastrukturunun dayanıqlığı və beynəlxalq tərəfdaşlıq şəbəkəsi ilə ölçülür: "Bu mənada stansiyanın istismara verilməsi Azərbaycanın qlobal enerji sisteminə inteqrasiyasını sürətləndirir və ölkənin enerji sektorunda innovativ texnologiyaların tətbiqini genişləndirir. Layihədə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin iştirakı isə xüsusi qeyd olunmalıdır. Bu iştirak bir neçə istiqamətdə strateji təsir yaradır. Azərbaycanın enerji bazarını xarici investisiyalar üçün daha açıq və cəlbedici edir. Bərpaolunan enerji sahəsində risk yükü yüksək olsa da, belə layihələr uzunmüddətli gəlirlik və texnoloji üstünlüklər təklif etdiyi üçün regionda energetika bazarının strukturunu dəyişə bilər. Azərbaycan–Səudiyyə Ərəbistanı xətti üzrə siyasi və iqtisadi əməkdaşlıq dərinləşir. Son illərdə Körfəz ölkələrinin Qafqaz və Orta Asiya regionlarına investisiya ekspansiyası fonunda Azərbaycan bu prosesin mühüm həlqəsinə çevrilir. Bu həm iqtisadi, həm də diplomatik baxımdan Bakı üçün yeni manevr imkanları yaradır. Layihə regional geosiyasi balans üçün də müəyyən nəticələr formalaşdırır. Enerji sahəsində şaxələndirmə Avropanın enerji təhlükəsizliyi üçün alternativ mənbələrin genişlənməsi deməkdir ki, bu da Azərbaycanın Qərb istiqamətli siyasi əlaqələrini daha rasional çərçivədə gücləndirir. Beləliklə, bərpaolunan enerji layihələri təkcə iqtisadi deyil, həm də strateji siyasi kapital kimi çıxış etməyə başlayır.

Bütün bu faktlar fonunda demək olar ki, “Xızı–Abşeron” KES kimi layihələr regionda yeni enerji siyasətinin formalaşmasına təkan verir. Bu siyasətin gələcək mərhələdə regional balansda yeni düzən yaratmaq ehtimalı kifayət qədər yüksəkdir, çünki enerji bazarının strukturundakı dəyişikliklər həmişə siyasi münasibətlərə də təsirsiz ötüşmür".