2026-cı ildə sosial sahədə dəyişikliklər və çağırışlar Azərbaycanda əhalinin rifahına necə təsir edəcək? - ŞƏRH EDİLDİ

13 Yanvar 2026 14:28 (UTC+04:00)

"Mürəkkəb Qlobal konyukturada, Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlamış, iqtisadiyyatın dayanıqlılığını da artırmışdır. Bu ilki büdcə gəlirlərinin 58%-ə yaxını qeyri-neft gəlirlərinin payına düşür, bu, büdcə gəlirlərinin dayanıqlı olmasına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, dünyada geosiyasi ziddiyyətlərin artması, yeni hərbi-siyasi blokların formalaşması və beynəlxalq münasibətlərdə gərginliyin yüksəlməsi fonunda milli təhlükəsizliyin möhkəmləndirilməsi hər bir dövlət üçün prioritet məsələdir: "Ölkəmizdə də bu istiqamətdə ardıcıl addımlar atılır və müdafiə qabiliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır. 2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə 8 milyard 714,8 milyon manatlıq xərclər Azərbaycanın daxili sabitliyini, müdafiə qabiliyyətini və regional təhlükəsizlik siyasətini gücləndirməyə yönəlib. Müdafiə və milli təhlükəsizlik üzrə xərclərin büdcədə xüsusi çəkisi 21 faiz olacaq. 2025-ci illə müqayisədə 318,5 milyon manat çox olacaq.

Həm dövlət büdcəsi, həm də bütövlükdə icmal büdcənin maliyyə yükündə sosial xərclər üstünlük təşkil edir. Sosial xərclərimiz növbəti il üçün 40%-dən çoxdur. Növbəti ilin dövlət büdcəsində sosial-yönlü xərcləri 2025-ci illə müqayisədə 236 milyon manat və ya 1,4% çox olmaqla 17 milyard 146 milyon manat təşkil edir. Bu rəqəm 2024-cü ilin icrası ilə müqayisədə 2,5 milyard manat və yaxud 17% çoxdur. DSMF xərclərinin 97%-ə yaxınını əhaliyə ödənişlər təşkil edir.

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri – innovasiyalar və enerji səmərəliliyi üzərində qurulan yeni iqtisadi model formalaşır. Sosial sahəyə böyük diqqət yetirilir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsindən 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumilikdə, “Böyük Qayıdış” proqramının icra olunmasına başlanmasından 2026-cı ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 26 milyard manata yaxın vəsait sərf olunacaqdır.

Son illərdə səhiyyə sahəsində aparılan islahatlar daha çox əhaliyə əlçatan və daha keyfiyyətli tibbi xidmətlərin təmin edilməsinə təkan vermişdir. Səhiyyə xərclərimiz növbəti il üçün 2 milyard manat təşkil edir. Bu xərclərdə də əvvəlki illərlə müqayisədə artım var. Ümumilikdə, səhiyyə xərclərimiz icmal büdcədə 3,7 milyard manat təşkil edəcək. Hazırda əhaliyə 3315 adda xidmət təklif olunur və bunun artırılması nəzərdə tutulur. O cümlədən, ambulator müalicədə bəzi xəstəliklər üzrə dərman preparatlarının ödənişsiz təmin edilməsinə başlanılır. Bu isə əhalinin dərman vasitələrinə əlçatanlığını artıracaqdır.

“Tibbi Sığorta haqqında” qanuna əsasən, burada yenə də, tələbələr, uşaqlar, pensionerlər, qazilər, əlillər, rəsmi işsiz şəxslər və s. digər bir sıra həssas təbəqədən olan insanlar dövlət vəsaiti hesabına, icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətləri əldə edə biləcək. Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Artıq İTS hesabına cəzaçəkmə müəssisələrindəki məhkumlar və əcnəbi və vətəndaşlığı olmayan məhkumların səhiyyə xərcləri qarşılanacaq.

Beləliklə, sosial sahədə aparılan islahatlar, son yeddi ildə icra olunan 5 sosial islahat paketi göstərir ki, dövlətimiz tarixi Zəfərdən və işğala son qoyduqdan sonra öz gücünü daha çox əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edəcək layihələrə ayırır".