Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb - REPORTAJ

13 Yanvar 2026 14:14 (UTC+04:00)

20 Yanvar - Milli Qürur Gününün 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işlərinə start verilib. Hər il olduğu kimi, bu il də minlərlə insanın ziyarət edəcəyi xiyabanda Hüzn gününün ruhuna uyğun olaraq abadlıq, təmizlik işləri aparılır, ərazinin ümumi görünüşü yenilənir.

Hazırlıq çərçivəsində landşaft dizaynerlərinin iştirakı ilə müxtəlif güllərdən ibarət kompozisiyalar yaradılır, infrastruktur elementləri təmir olunur və mərasimədək bütün işlərin başa çatdırılması nəzərdə tutulur. Xiyabanın girişindən başlayaraq bütün ərazini əhatə edən bu işlər Hüzn gününün mənəvi ab-havasını əks etdirməklə yanaşı, dövlətin və cəmiyyətin 20 Yanvar şəhidlərinə göstərdiyi dərin ehtiramın bariz ifadəsi kimi qiymətləndirilir.

SİA hazırlıq işlərinə dair reportaj hazırlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür, zədələnmiş plitələr dəyişdirilir, ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir, yeni güllər və kollar əkilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov: "Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib".

Şəhidlər xiyabanında aparılan hazırlıq işlərində iştirak edən işçilər və ziyarətə gələnlər 20 Yanvar şəhidlərinə olan dərin ehtiramlarını bölüşüblər.

İşçi Sevda Mustafayeva: "Allah şəhidlərimizə rəhmət eləsin. Biz burada çox böyük qürur və məsuliyyət hissi ilə işləyirik. Şəhidlərin yolunda, onların xatirəsinə layiq olaraq çalışmaq bizim üçün həm şərəf, həm də borcdur. Hazırda xiyabanda çox sayda işçi çalışır, amma bizim komandamız 38 nəfərdən ibarətdir və Səbail rayonundan gəlmişik. Güllərin rənglərinə görə onları diqqətlə ayırır və düzgün şəkildə əkirik ki, ab-hava həm estetik, həm də Hüzn gününün ruhuna uyğun olsun".

İşçi Əziz Hadıyev: "Xətai rayonundan gəlmişik və burda işləmək bizim üçün həm vətənə, həm də şəhidlərimizin xatirəsinə olan borcumuzdur. Artıq neçə illərdir buraya gəlir və hazırlıq işlərində iştirak edirik. Xətai rayonundan 10 nəfər hazırda buradakı iş prosesində aktiv iştirak edir, amma ümumilikdə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təxminən 30-dan çox işçi buradakı hazırlıq işlərini görür. Bizim üçün burada işləmək şərəfdir və buna görə özümüzü borclu sayırıq".

İşçi Xanım Qənbərova: "Mənzil-kommunal və texniki xidmət sahələrindən buraya göndərilmişik. Vətən uğrunda canından keçən hər bir şəhid üçün biz buradayıq, onların xatirəsini yaşadırıq. Hazırda işimiz gələn qərənfillerin əkilməsi və dizaynının hazırlanmasıdır. Qurumdan 50 nəfər işçi buraya cəlb olunub və hər birimiz işimizi böyük diqqət və hörmətlə yerinə yetiririk".

Məktəbli Elay Bayramova: "Mənim 8 yaşım var. Biz bu gün şəhidlərimizi, bizim qəhrəmanlarımızı ziyarət etməyə gəlmişik. Məktəbdə bizə 20 Yanvar və şəhidlər haqqında çox məlumat verilib. Bizi bura müəllimimiz gətirib. Allah şəhidlərimizə rəhmət eləsin və onların xatirəsi heç zaman unudulmasın".

Məktəbli Murad Nuri: "Şəhidlərimizlə bağlı ilk məlumatı anamdan almışam, sonra məktəbdə müəllimim bizə daha ətraflı izah edib. Mən bilirəm ki, şəhidlər vətən uğrunda canından keçən insanlardır. Onlar heç vaxt ölmür, əbədi yaşayırlar. Böyüyəndə mən də vətənimə layiqli bir övlad olmaq istəyirəm".

Müəllimə Leyla Hacıyeva: "İbtidai sinif müəlliməsiyəm. Bu gün biz 20 Yanvar şəhidlərini ziyarət etməyə gəlmişik və məktəbimizin şagirdlərini buraya gətirmişik. Məqsədimiz onlara şəhidlik anlayışını, qəhrəmanlıqları izah etməkdir. Hər il bu ənənəni davam etdiririk ki, uşaqlar bu tarixi hadisəni daha yaxşı başa düşsün və yadlarında saxlasınlar".

Müəllimə Aynurə İsmayılova: "Azərbaycan dili fənnini tədris edirəm. 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət etmək üçün şagirdləri bura gətirmişəm. Bu hadisə xalqımızın qan yaddaşıdır, tariximizin qanla yazılmış səhifələrindən biridir, amma şərəflə nəticələnmiş səhifədir. Şükürlər olsun ki, bu gün torpaqlarımız azad və müstəqildir. Hər bir Azərbaycan vətəndaşının yaddaşında bu hadisə həmişə qalmalıdır və heç bir zaman unudulmamalıdır".

Şəhidlər xiyabanında aparılan hazırlıq işləri yalnız fiziki abadlıq və təmizlikdən ibarət deyil. Hər bir güllə, hər bir bəzək elementi, hər bir təmir işçisi Hüzn gününün ruhunu yaşadır və 20 Yanvar şəhidlərinin xatirəsinə dərin ehtiramı ifadə edir. Bu hazırlıqlar göstərir ki, dövlət və cəmiyyət birlikdə tarixini unutmur, qəhrəmanlarının xatirəsini yaşadır və gələcək nəsillərə milli qürur və vətənpərvərlik dərsi verir. Şəhidlər xiyabanına hər addım, hər baxış bir xatirə, bir minnətdarlıqdır – keçmişi yad etmək və gələcək üçün hörmət simvoludur.