“20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında hər il olduğu kimi bu il də kompleks hazırlıq tədbirlərinə başlanılıb. Ərazi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılır və ziyarətçilərin rahatlığı üçün bütün zəruri işlər görülür".
SİA xəbər verir ki, bu fikirləri Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov Şəhidlər Xiyabanında aparılan hazırlıq işləri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, anım tədbirləri ərəfəsində Xiyaban ərazisində ənənəvi olaraq müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır və bu prosesə peşəkar landşaft-dizaynerləri və təcrübəli mütəxəssislər cəlb olunub:
“Məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramın yüksək səviyyədə ifadə olunması və ziyarət üçün mühitin tam hazır vəziyyətə gətirilməsidir".
Elmin İmanov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumları tərəfindən Şəhidlər Xiyabanında genişmiqyaslı təmizlik və abadlıq işləri də həyata keçirilir:
“Zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, həmçinin Xiyabandakı hər iki məşəldə profilaktik tədbirlər aparılır".
O əlavə edib ki, yaşıllıq sahələrinin bərpasına da xüsusi diqqət yetirilir:
“Ağac və kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və dekorativ bitkilər əkilib. Bütün bu işlər 20 Yanvar şəhidlərinin xatirəsinə layiq şəkildə həyata keçirilir".