Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 80, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 36 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 7 qumbara, 18 tüfəng, 12 patron darağı və 886 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər də saxlanılıb.