...Moldova prezidenti Maya Sandu "The Rest Is Politics: Leading" podkastında çıxış edərək, potensial referendumda Rumıniya ilə birləşməyə səs verəcəyini etiraf edib.
…Əgər referendum keçirsəydik, mən də Rumıniya ilə birləşməyə səs verərdim, - deyə Sandu bildirib.
O, mövqeyini Moldova və ümumilikdə dünya ətrafındakı geosiyasi vəziyyətlə izah edib. Onun sözlərinə görə, Moldova kimi bir ölkənin yaşaması, demokratiya və suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir.
Eyni zamanda, Sandu vurğulayıb ki, hazırda ölkədə Rumıniya ilə birləşməyi dəstəkləyən çoxluq yoxdur.
Prezident Kişinyovun Aİ üzvlüyünü daha real məqsəd adlandırıb və bunun "suverenliyi müdafiə etməyə" kömək etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Rumıniya prezidenti Nikusor Dan Moldova ilə birləşməyi arzuladığını, lakin qonşu respublika vətəndaşlarının iradəsinə tam hörmət etdiyini bildirib.
Dan bildirib ki, hazırda Moldova vətəndaşlarının təxminən 35 faizi iki ölkə arasında birləşmə ideyasını dəstəkləyir. …Qonşu ölkə əhalisinin əhəmiyyətli bir hissəsi mövcud idarəetmə formasını dəstəklədiyi müddətcə Rumıniya heç bir addım atmayacaq, - deyə Rumıniya lideri yekunlaşdırıb.
Əli Babayev