...Cənubi Afrika, İran, Rusiya və Çindən hərbi gəmilərə ev sahibliyi etməklə ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə münasibətləri daha da çətinləşdirə bilər. Qeyd edək ki, birgə dəniz təlimləri cümə günü başlayıb və həftənin sonuna qədər davam edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Wall Street Journal yazır.
...Keyptaun yaxınlığında, Saymons Taun şəhərindəki Cənubi Afrika Hərbi Dəniz Qüvvələrinin bazasına təxminən on iki hərbi gəmi və dəstək gəmisi gəlib.
Cənubi Afrika hakimiyyətinin məlumatına görə, manevrlər dəniz təhlükəsizliyini, ticarəti və dəniz əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.
Lakin amerikalı analitiklər və Cənubi Afrikadakı müxalifət təlimlərin Vaşinqtonda təxribat kimi qəbul ediləcəyinə inanırlar.
Ou da qeyd edək ki, ABŞ, Afrika Komandanlığındakı vəziyyəti yaxından izlədiyini bildirib. ABŞ tərəfi naviqasiya azadlığını məhdudlaşdırmaq cəhdlərindən ehtiyat edir və Afrika tərəfdaşları ilə əməkdaşlıqda öz maraqlarını, eləcə də əsas gəmiçilik yollarını qorumaq niyyətini vurğulayır.
...Yeri gəlmişkən, ABŞ və Cənubi Afrika arasında münasibətlər gərgin olaraq qalır. Xatırladaq ki, son bir ildə Vaşinqton Pretoriyaya (Bu, Cənubi Afrika Respublikasının paytaxtıdır-A.B.) maliyyə yardımını dayandırıb, Cənubi Afrika mallarına tariflər tətbiq edib və ölkədə keçirilən G20 sammitini boykot edib.
Daha əvvəl ABŞ Cənubi Afrika səfirini də ölkədən qovub və Cənubi Afrika hakimiyyətini Rusiya ilə əlaqələrə görə kəskin tənqid edib.
Maraqlıdır ki, Cənubi Afrikanın özündə də təlimlər siyasi mübahisələrə səbəb olub. Müxalifətdəki Demokratik Alyans partiyası "sanksiya tətbiq olunmuş dövlətlər"lə yaxınlaşmanı pisləyərək BRICS-in hərbi ittifaq olmadığını və manevrləri qrup daxilində əməkdaşlıq kimi təqdim etmək cəhdlərinin yanlış olduğunu bildirib.
...Və yenə də yeri gəlmişkən, bu, Rusiya, Çin və Cənubi Afrika arasında 2019-cu ildən bəri keçirilən üçüncü birgə dəniz təlimidir. Ekspertlər qeyd edirlər ki, İranın iştirakı və BRICS ölkələrinin fəaliyyəti ABŞ-ın Qərbə alternativ geosiyasi ittifaqların böyüməsi ilə bağlı narahatlıqlarını artırır.
Əli Babayev