"Azərbaycanda beynəlxalq tədbirlər turizmi canlandırır" - EKSPERT DANIŞDI

12 Yanvar 2026 12:00 (UTC+04:00)

"Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, festivallar və idman yarışları bilavasitə ölkə turizminin xeyrinə olan resurslardır". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Ölkəyə gələn idmançılar, rəsmi şəxslər, həmçinin bu idman növünə marağı olan azarkeşlər də ölkəmizə təşrif edirlər. Bu da gəlmə turizmi baxımından dinamik fayda yaradır. Bildiyiniz kimi, bu il Bakı şəhərinin “Dünya İdman Paytaxtı” elan edilməsi şəhərdə keçirilən tədbirlərin və festivalların fonunda turist gəlişinin faiz baxımından daha yüksək olacağını proqnozlaşdırmağa əsas verir.

Bu kimi tədbirlər həm də özəl şirkətlər üçün zəmin yaratmalıdır ki, tədbirlər təqviminə uyğun olaraq turistlərin ölkəmizə dəvət edilməsi üçün sərfəli və ən əsası maraq doğuran təklif paketləri hazırlaya bilsinlər. Bunun üçün isə ən vacib məsələlərdən biri hava nəqliyyatı qiymətlərinin münbit və daha əlçatan olmasıdır ki, dünyanın istənilən yerindən turistin ölkəmizə rahat şəkildə təşrif etməsi mümkün olsun.

Beynəlxalq tədbirlər zamanı ölkəmizə gələn iştirakçılar üçün Azərbaycanı tanıtmaq baxımından geniş imkanlar yaranır. Tədbir iştirakçılarına ölkəmizin mədəni, tarixi, coğrafi və turistik destinasiyalarını həm nəzəri, həm də praktiki şəkildə təlqin etməklə gələcək üçün əlavə turist potensialı formalaşdırmaq mümkündür. Bu növ tədbirlər ölkəmizin PR və təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkəyə gələn hər bir qonağa və turistə yüksək xidmət göstərilməlidir ki, o da öz növbəsində ən azı üç nəfərə ölkəmizə səfəri tövsiyə etsin.

Bu mexanizmin işlək və davamlı olması üçün xidmət sahəsi daimi inkişaf etməlidir. Tədbir və festival iştirakçılarının proqramına ölkəmizin tanıtımı praktiki şəkildə daxil edilməli, maarifləndirmə aparılmalıdır. Praktika göstərir ki, F1 yarışlarının müsbət cəhətlərindən biri Formula azarkeşlərinin Bakı şəhəri ilə tanış olaraq növbəti tətil səfərlərini məhz ölkəmizə planlaşdırmalarıdır. Təcrübə onu da göstərir ki, beynəlxalq tədbirə, yarışa, festivala və ya konsertə gələn qonaqlar təkrar olaraq daha uzunmüddətli səfərlərlə ölkəmizə geri dönürlər".