”İqtisadi prizmadan yanaşdıqda qiymət artımının düzgün təhlili üçün onu qısa, orta və uzunmüddətli dövrlər üzrə ayrıca analiz etmək zəruridir. Xüsusilə ərzaq bazarında qiymət formalaşması təkcə tələb və təklif balansı ilə deyil, həm də dövlət tənzimləmələri, idxal siyasəti, saxlanma xərcləri və bazar iştirakçılarının davranışları ilə sıx bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, kərə yağı bazarında mövcud vəziyyət bu baxımdan tipik və maraqlı iqtisadi nümunə kimi qiymətləndirilə bilər.
Hazırkı mərhələdə kərə yağının idxalına tətbiq olunan güzəştin qüvvədən düşməsinə baxmayaraq, qısa və orta müddətdə kəskin qiymət artımının baş verəcəyi gözlənilmir. Bunun əsas səbəbi daxili bazarda mövcud ehtiyatların kifayət qədər yüksək olmasıdır. Hazırda saxlanma anbarlarında olan kərə yağı həcmi bazarın cari tələbatını tam ödəmək imkanına malikdir və bu vəziyyət qiymətlərin stabilliyini qoruyan əsas amillərdən biri kimi çıxış edir. Burada qiymətlərin dəyişməsi tələbin artması ilə deyil, daha çox mövcud ehtiyatların idarə olunması mexanizmi ilə bağlıdır.
Nəzərə almaq lazımdır ki, kərə yağı tez xarab olan məhsullar kateqoriyasına daxildir və uzun müddət saxlanması əlavə logistika və saxlanc xərcləri tələb edir. Bu baxımdan bazar iştirakçıları üçün ehtiyat məhsulun dövriyyəyə buraxılması iqtisadi baxımdan qaçılmazdır. Hər hansı süni qiymət artımı cəhdləri, haqsız rəqabət halları və ya bazarda spekulyativ davranış müşahidə edildiyi təqdirdə, ehtiyat anbarlarında saxlanılan məhsulların mərhələli şəkildə satışa çıxarılması qiymətlərin kəskin artmasının qarşısını alan balanslaşdırıcı mexanizm rolunu oynayır.
Uzunmüddətli perspektivdə isə vəziyyət fərqli iqtisadi çərçivədə dəyərləndirilməlidir. İdxal rüsumu güzəştinin aradan qaldırılması və mövcud ehtiyat məhsulların tədricən bazara çıxarılması fonunda, əgər idxal siyasətində əlavə yumşalmalar baş verməzsə, qiymət artımı qaçılmaz görünür. Bu mərhələdə artıq daxili bazarın ehtiyatla deyil, yeni idxal axını ilə təmin olunması əsas rol oynayacaq və artan idxal xərcləri qiymətlərə birbaşa təsir göstərəcək.
Eyni zamanda, vacib məqamlardan biri də ehtiyat anbarlarında olan məhsul həcminin tələblə birbaşa əlaqəli olmamasıdır. Mövcud ehtiyatlar hətta bazar tələbatından yüksəkdir və bu fakt qiymətlərin avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir. Çünki satış prosesi birdəfəlik və nəzarətsiz şəkildə deyil, etap-etap həyata keçirilir. Bəzi hallarda məhsulun topdan alışa güzəştlərlə təqdim olunması da qiymətlərin orta müddət ərzində stabil qalmasına şərait yaradır.
Bayramqabağı dövr də qiymət davranışında müəyyən korrektələr yarada bilər. Xüsusilə Novruz bayramı ərəfəsində istehlakın artması fonunda kərə yağına tələbin yüksəlməsi mümkündür. Lakin mövcud ehtiyatlar və bazarın tənzimlənməsi mexanizmləri nəzərə alındıqda, bu artımın kəskin deyil, daha çox psixoloji və mövsümi xarakter daşıyan cüzi qiymət dəyişiklikləri ilə məhdudlaşacağı gözlənilir.
Kərə yağı bazarında qiymətlərin formalaşması qısa və orta müddətdə sabitlik, uzun müddətdə isə idxal siyasətindən asılı olan potensial artım ssenarisi üzərində qurulub. Bu prosesdə əsas həlledici amillər ehtiyatların həcmi, idxal xərcləri, bazar tənzimlənməsi və istehlak davranışlarıdır. Mövcud şəraitdə qiymət artımı ilə bağlı ictimai narahatlıqların kəskin xarakter daşıması üçün ciddi iqtisadi əsaslar görünmür”.