”Avtomobil bazarlarında müşahidə olunan qiymət artımı bir neçə amilin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb iqtisadi prosesdir. Bu artım təkcə bazardaxili dinamika ilə deyil, eyni zamanda mövsümi faktorlar, istehlakçı davranışları, xarici ticarət şərtləri və qlobal iqtisadi tendensiyalarla da birbaşa əlaqəlidir”.
Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, ilin müəyyən dövrlərində bazarda canlanmanın artması qiymətlərin yüksəlməsində əsas stimullaşdırıcı amillərdən biri kimi çıxış edir.
Mövsümi canlanma avtomobil bazarında ənənəvi olaraq tələbin artması ilə müşayiət olunur. Yaz və yay aylarında, eləcə də həftəsonları alıcı aktivliyinin yüksəlməsi satıcıların bazar davranışına təsir edir. Alıcı sayının çoxalması fonunda satıcılar daha yüksək qiymət təklif etmək imkanına malik olurlar və bu, bazarda qiymət balansının alıcıların əleyhinə dəyişməsinə səbəb olur. Psixoloji amil də burada mühüm rol oynayır: alıcılar arasında rəqabətin artması qiymət artımını normallaşdıran bir mühit formalaşdırır.
Qiymət artımına təsir edən əsas struktur faktorlarından biri ölkəyə idxal olunan avtomobillərin sayının azalmasıdır. İdxal həcminin məhdudlaşması bazarda təklifin daralmasına, nəticə etibarilə mövcud avtomobillərin dəyərinin yüksəlməsinə gətirib çıxarır. Bu proses gömrük rüsumlarının səviyyəsi, texniki tələblərin sərtləşdirilməsi, ekoloji standartların tətbiqi və xarici bazarlardakı qiymət dəyişiklikləri ilə daha da güclənir. Eyni zamanda logistika xərclərinin artması, xüsusilə nəqliyyat və sığorta xərclərinin yüksəlməsi idxal olunan avtomobillərin son satış qiymətinə birbaşa təsir göstərir.
Bazarda ən çox qiymət artımı ikinci əl avtomobillər seqmentində müşahidə olunur. Bunun əsas səbəbi bu avtomobillərin daha geniş alıcı kütləsi üçün əlçatan olmasıdır. Az yanacaq sərf edən, texniki baxımdan nisbətən sadə və ehtiyat hissələri asan tapılan avtomobillər xüsusilə tələbatlıdır. Mövcud iqtisadi şəraitdə istehlakçılar daha çox uzunmüddətli istismar xərcləri aşağı olan nəqliyyat vasitələrinə üstünlük verirlər. Bu isə həmin avtomobillərin bazar dəyərinin sürətlə artmasına səbəb olur.
Son illərdə hibrid və nisbətən yeni model avtomobillərə marağın artması da qiymət dinamikasına təsirsiz ötüşmür. Yanacaq xərclərinin yüksəlməsi, ekoloji məsələlərə artan diqqət və dövlət siyasətində alternativ enerji mənbələrinə üstünlük verilməsi bu avtomobillərin populyarlığını artırır. Nəticədə, hibrid avtomobillər bazarında tələbin təklifi üstələməsi qiymətlərin yüksəlməsi ilə nəticələnir. Bu tendensiya göstərir ki, istehlakçı seçimləri artıq yalnız ilkin alış qiyməti ilə deyil, istismar səmərəliliyi və uzunmüddətli iqtisadi fayda prizmasından formalaşır.
Avtomobil bazarlarında qiymət artımı qısa müddətli spekulyativ dəyişiklik deyil, çoxşaxəli iqtisadi və sosial amillərin məntiqi nəticəsidir. Mövsümi tələbin artması, idxal məhdudiyyətləri, artan xərclər və dəyişən istehlakçı davranışları bu prosesi daha da dərinləşdirir. Mövcud şəraitdə qiymətlərin yaxın dövrdə sabitləşməsi bazarda təklifin genişlənməsindən, iqtisadi şəraitin normallaşmasından və alıcı davranışlarının dəyişməsindən asılı olacaq”.