"Köhnə formada olan beynəlxalq hüquq artıq işləmir" -ŞƏRH EDİLDİ

12 Yanvar 2026 11:20 (UTC+04:00)

"Beynəlxalq hüquq normaları 19–20-ci əsrin kəşfləri sırasındadır. İlk əvvəl onun təsis olunmasının əsas fəlsəfi mahiyyəti dünyada beynəlxalq münasibətləri, münaqişələri tənzimləmək və dünyanın inkişafını, xüsusilə də siyasi, diplomatik, iqtisadi inkişafını müəyyən bir istiqamətə yönəltmək idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ilk vaxtlar əlbəttə ki, beynəlxalq münasibətləri tənzimləyən bir mexanizm kimi təsis olundu: "Sonradan isə böyük dövlətlərin əlində müxtəlif məqamlarda seçmə üsulla tətbiq olunan siyasi alətə çevrildi. Daha sonra isə biz indi gördüyümüz kimi, bu sistem sadəcə dekorasiyadan başqa bir şey deyil. Xırda dövlətlər siyasətlərini elə qururlar ki, hansısa məqamda öz hüquqlarını və mənafelərini beynəlxalq hüquq normaları ilə qurmağa və ya özlərini müdafiə etmək üçün bu hüquqa əl atmağa məcbur qalmasınlar. Çünki artıq hər kəs görür ki, beynəlxalq hüquq mexanizmləri tam şəkildə işləmir. Dövlətlər öz maraqlarını və hüquqlarını daha çox ikitərəfli münasibətlərdə tənzimləməyə çalışırlar. Açıq deyilməsə də, bu gün dövlətlərin mütləq əksəriyyəti belə düşünür ki, beynəlxalq hüquq normaları artıq tam şəkildə iflic vəziyyətinə düşüb. Bunu sübut edən ən böyük fakt isə dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının tamamilə təsirsiz və rudiment bir quruma çevrilməsidir.

Əgər BMT-nin dünyada real təsiri və nüfuzu qalmış olsaydı, İsrail onu öz ərazisində persona non grata elan etməzdi. Bugün müxtəlif münaqişələrin tənzimlənməsində aparıcı rolu BMT oynamaq əvəzinə, hadisə yerinə ya ən axırda gəlir, ya da ümumiyyətlə gəlmir. Bu, faktdır ki, Yaxın Şərqdə, Tayland ilə Kamboca arasında, Azərbaycan ilə Ermənistan arasında, Kosovoda, Suriyada və digər yerlərdə baş verən münaqişələrin tənzimlənməsində BMT-dən qat-qat artıq fəal rolu bəzi ölkələr, o cümlədən Amerika Birləşmiş Ştatları oynayır. Əslində ABŞ-ın bu məsələlərdə BMT-dən önə çıxması beynəlxalq hüquq normalarının ayaq altına atılmasının ən bariz nümunəsidir. Bu səbəbdən də bu gün dövlətlər beynəlxalq hüquq normalarından daha çox ikitərəfli və çoxtərəfli əməkdaşlıq və müttəfiqlik münasibətlərinə üstünlük verirlər. Bu da tamamilə doğru bir siyasətdir. Çünki beynəlxalq hüquq normalarının çökdüyü, iflic olduğu bir şəraitdə dövlətlərin təhlükəsizliyinin müdafiəsi üçün yalnız bir neçə real alət qalır: öz gücləri və müttəfiqlər çevrəsi. Bu iki amil yəni dövlətin öz gücü və müttəfiqləri bu gün beynəlxalq hüququn çökmüş olduğu reallıqda ən etibarlı müdafiə mexanizmləridir. Əlbəttə, çökmüş və iflic olmuş bir hüquq sistemini geri qaytarmaq və ya bərpa etmək asan məsələ deyil. Ona görə də dünyanın indiki reallıqlarına uyğun yeni beynəlxalq hüquq normalarının yazılmasına böyük ehtiyac var. Çünki köhnə formada olan beynəlxalq hüquq artıq işləmir".