"Təhlükəsizlik baxımından insanlar daha çox bina evlərinə üstünlük verirlər. Bu həm də rahatlıq üçündür. Həyət evlərində çox vaxt yollar problemli olur. Şəhərin bir qədər kənar hissələrində yerləşdikləri üçün bu evlərin böyük əksəriyyətində əsas yoldan evin qarşısına qədər olan hissədə asfalt örtüyü olmur və yollar palçıqlı, torpaqlı olur. Bundan əlavə, əsas yollardan kənarda olduqları üçün marşrutlara və ya metroya məsafə uzaq olur, bu da müəyyən çətinliklər yaradır". Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Anar Nəsirov deyib.
Onun sözlərinə görə, məhz bu səbəblərdən insanlar daha çox bina evlərinə üstünlük verirlər. "İnsanlar 99% hallarda bina evlərini seçirlər. Əgər söhbət tək yaşamaqdan gedirsə, insanlar bina evlərində tək də yaşaya bilirlər. Çünki bilirlər ki, ətraflarında qonşular var. Amma həyət evlərində qonşular bir az aralı da ola bilər, ümumiyyətlə olmaya da bilər. Orada bir problem yaranarsa, qışqırarsan, ola bilər ki, heç qonşu eşitməz, amma bina evlərində bir az uca danışsan, qonşu eşidir. Bu baxımdan bina evləri daha təhlükəsizdir. İkinci təhlükəsizlik məqamı təbii fəlakətlərdir. Zəlzələ zamanı bir və iki mərtəbəli həyət evləri daha təhlükəsiz sayılır, bina evləri isə daha təhlükəlidir. Binada təhlükə anında binanı tərk etmək çətindir, amma həyət evlərində bu daha asandır. Sel və daşqın nəticəsində isə bina evləri daha etibarlıdır. Çünki həyət evlərində kanalizasiya və drenaj sistemləri zəif olur. Yağış yağanda həyət evlərini sel basır, amma bina evlərində bu hal müşahidə olunmur. Yəni əgər təbii fəlakətlərdən danışırıqsa, zəlzələ istisna olmaqla bina evləri daha etibarlıdır.
Bazarda son illər Türkiyədə baş verən zəlzələlərdən sonra Bakıda bina evlərinə maraq bir qədər azalmışdı. İnsanlar bu cür hadisələrdən sonra bina evlərinə qarşı inamını itirirlər, qorxu yaranır. Amma yenə də qeyd olunur ki, Bakıdakı binaların əksəriyyəti istismar müddətini bitirməyib, qəzalı vəziyyətdə deyil. Hər ev növünün öz riski var. Kimsə zəlzələdən qorxursa, həyət evini seçir. Kimsə yanğından qorxursa, o da həyət evinə üstünlük verir. Kimsə təklikdən qorxursa, bina evini seçir. Evdə tək yaşayan qadınlardırsa və ya sadəcə təhlükəsizlik hiss edirlərsə, bina evlərini seçirlər. Hazırda həyət evlərinin əksəriyyətinin çıxarışı (kupçası) yoxdur. Bu səbəbdən insanlar bu evləri qeydiyyata sala bilmirlər və bu da əlavə problemlər yaradır. Sənədsiz olduğuna görə qiyməti ucuzdur, amma maraq da azdır. Nəticə olaraq qeyd olunur ki, insanlar daha çox bina evlərinə üstünlük verirlər. Bunun əsas səbəbi təhlükəsizlik hissinin daha yüksək olması, mərkəzi yollara və marşrut xəttlərinə yaxınlıq, asfalt yolların mövcudluğu, sənəd məsələsinin problem yaratmaması, eləcə də yağış və sel təhlükəsinin bina evlərində müşahidə edilməməsidir. Həyət evləri isə sənədsiz olduqları üçün daha ucuz qiymətə təklif olunsa da, infrastrukturun zəifliyi səbəbindən onlara olan maraq azdır. Bununla yanaşı, həyət evləri zəlzələ zamanı daha təhlükəsiz sayıla bilsə də, digər təbii fəlakətlər baxımından bina evləri üstün hesab olunur".