Delsi Rodrigezin dəyişməz tarazlığı...

11 Yanvar 2026 17:52 (UTC+04:00)

...Deməli, Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən həbs edilməsi Venesuela üçün dönüş nöqtəsi oldu və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə şiddətli reaksiyaya səbəb oldu.

Əməliyyatdan sonrakı ilk saatlarda sosial media videolar və sevinc mesajları ilə doldu: Latın Amerikası və Avropadakı diaspor da daxil olmaqla milyonlarla venesuelalı hadisəni diktaturanın sonu kimi qəbul etdi...

Bu vaxt rejimin rəsmi kommunikasiya aparatı faktiki olaraq çökdü, dövlət mediası səssiz qaldı və ziddiyyətli mesajlar yalnız Telegram kanalları vasitəsilə ötürüldü.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Atlantic Council yazır.

Və bu arada dövlət başçısının səlahiyyətlərini icra edən vitse-prezident Delsi Rodriges özünü siyasi böhranın mərkəzində tapdı. İlkin açıqlamalarında o, Maduronu "yeganə prezident" adlandırdı və onun azad edilməsini tələb etdi.

Lakin, demək olar ki, eyni vaxtda ABŞ prezidenti Donald Tramp Rodrigezin Vaşinqtonla əməkdaşlıq etdiyini və neft və qaz sənayesi də daxil olmaqla, onun tələblərini yerinə yetirməyə hazır olduğunu bildirdi.

Bu ziddiyyətli siqnallar Çavista elitasında (...1999–2013-cü illərdə Venesuela prezidenti olan Uqo Çavesin ideya və təcrübələrinə əsaslanan solçu siyasi ideologiya -A.B.) .dərin bir uçurum və çaşqınlığı ortaya qoydu.
Rodriges iki qüvvəni tarazlaşdırmağa çalışır. Bir tərəfdən, ABŞ-ın Amerika şirkətləri üçün əlverişli şərait təmin etmək və Vaşinqtonun geosiyasi rəqibləri ilə əlaqələri kəsmək tələbləri var.

Digər tərəfdən, ABŞ-a hər hansı güzəşt xəyanət kimi qəbul edilən Çavista koalisiyasına və təhlükəsizlik qüvvələrinə dəstəyin saxlanmasına ehtiyac var.

Bu ikili oyun artıq ölkədə sabitliyi və idarəetməni təmin etmək qabiliyyətinə olan inamı sarsıdır.

Venesuelanın xarici öhdəlikləri əlavə bir mürəkkəblik yaradır. Ölkə təxminən 20 milyard dollar borcu olan Çinlə; enerji və hərbi məsələlərdə əsas tərəfdaş olan Rusiya ilə; dron texnologiyasında İranla; kəşfiyyat xidmətlərinin inteqrasiyası vasitəsilə Kuba ilə dərindən bağlıdır.

Vaşinqton bu əlaqələrin dərhal kəsilməsini tələb edir ki, bu da Karakasa iqtisadi və təhlükəsizlik şokları ilə hədələyir.
Elitalar arasında daxili mübarizə fonunda, ictimai dəstəyə malik olan Mariya Korina Maçadonun rəhbərlik etdiyi demokratik müxalifət qərar qəbuletmə prosesinin kənarında qalır.

Vətəndaş cəmiyyəti keçid dövrünün demokratik gündəmdən daha çox xarici sövdələşmələrlə müəyyən olunacağından qorxur.

Ekspertlər qeyd edirlər ki, minə yaxın siyasi məhbus azadlığa buraxılmasa və demokratik keçid üçün aydın bir plan olmasa, mövcud qeyri-müəyyənlik ya yeni bir zorakılıq mərhələsinə, ya da hökumətin legitimliyinin uzunmüddətli böhranına çevrilə bilər.
Əli Babayev