Azərbaycanın rayonlarında güclü külək əsir

11 Yanvar 2026 12:10 (UTC+04:00)

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatında qeyd edilib.

Qeyd olunub ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 27, Qaxda 15, Qubada 11, Qusarda 8, Gədəbəydə 4, Sədərəkdə 3, Şahdağ, Daşkəsəndə 2, Xaltan, Şəkidə (Kişçay) 1 sm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Mingəçevirdə 18, Qobustanda 16 m/s-dək güclənir.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Balakən, Qax, Zaqatala, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Biləsuvar, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq.