“Uzun müddət beynəlxalq nizam bu cür olacaq" - ŞƏRH EDİLDİ

9 Yanvar 2026 19:21 (UTC+04:00)

"Donald Trampın beynəlxalq nizamla bağlı açıqlaması o deməkdir ki, onun üçün, faktiki olaraq Amerikanın indiki idarə edən administrasiyası üçün, həm də digər güclər üçün beynəlxalq hüquq sadəcə sözdə bir vasitədir. Ən önəmli məsələ öz maraqlarını təmin etməkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu, açıq şəkildə görünür və danılmaz bir faktdır:

"Ona görə də dövlətlər artıq öz imkanlarını qoruyub saxlamalıdır. Mən düşünürəm ki, cənab Prezidentin söylədiyi “beynəlxalq hüquq artıq yoxdur” anlayışı burada öz təsdiqini tapmış olur. Artıq iqtisadi, hərbi, siyasi potensialın varsa, müttəfiqlik qura bilirsə, özünü inkişaf etdirə bilirsə, bu təhlükəsizlik üçün təminatdır. Yoxsa beynəlxalq hüquq baxımından götürəndə hər hansı bir təminatın olacağını düşünmək və onu həyata keçirmək qeyri-mümkündür. Açıq şəkildə Donald Tramp bildirir ki, "mənə görə bu məsələ yoxdur. Siz də bilin ki, “beynəlxalq hüquq” anlayışı artıq faktiki olaraq yoxdur və bunu həyata keçirmək mümkün deyil. Yəni açıq şəkildə bunu bildirmək lazımdır". Düşünürəm ki, bundan sonra artıq hər bir dövlət öz başını saxlamalı, qorunmalı və təhlükəsizliyini özü təmin etməlidir. Hələlik bu nizam oturmayacaq. Böyük ehtimalla uzun müddət beynəlxalq nizam bu cür olacaq. Rusiyanın Ukraynaya hücumu, ABŞ-ın davranışları və digər hadisələr açıq şəkildə göstərir ki, hələlik beynəlxalq nizam qurulmayıb. Çinin Tayvan məsələsi də var və bu kimi problemlər davam edəcək. Nizam qurulana qədər münaqişələr, müharibələr, gərginliklər olacaq. Burada kim bacarırsa, kim müttəfiqlik yarada bilirsə, kim əlaqələrini dərinləşdirə bilirsə və öz təhlükəsizliyini təmin edə bilirsə, o da güclü olacaq. Əks halda, münasibətlər sisteminin uğurlu şəkildə həyata keçirilməsindən danışmaq mümkün deyil".