"Azərbaycanın hərbi sənaye potensialı regional və qlobal mövqeyini gücləndirir" - ŞƏRH EDİLDİ

9 Yanvar 2026 15:15 (UTC+04:00)

"Azərbaycanın hərbi sənaye sahəsində əldə etdiyi son nəticələr ölkənin regional və qlobal geosiyasi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunması və bu məhsulların həm Azərbaycan Silahlı Qüvvələrinə verilməsi, həm də 20-yə yaxın ölkəyə ixrac olunması göstərir ki, ölkəmiz həm daxili təhlükəsizliyi təmin etmək, həm də beynəlxalq müdafiə əməkdaşlığını inkişaf etdirmək potensialına malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, xüsusilə aparıcı beynəlxalq müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələrin yaradılması strateji əhəmiyyət daşıyır: "Bu, təkcə texnologiyaların ölkəyə transferi və yerli istehsalın gücləndirilməsi baxımından vacib deyil, həm də Azərbaycanın hərbi sənaye potensialını regional lider səviyyəsinə çıxarmağa xidmət edir. Belə müəssisələr yerli ekspertiza və peşəkar kadrların inkişafına da töhfə verir, nəticədə ölkənin müdafiə sənayesi daha davamlı və rəqabətqabiliyyətli olur. İxrac imkanlarının genişlənməsi isə Azərbaycanın beynəlxalq siyasi mövqeyinə də birbaşa təsir edir. Hərbi məhsulların digər ölkələrə satışı strateji tərəfdaşlıqların formalaşmasına, regional təhlükəsizlik arxitekturasında Azərbaycanın aktiv rolunun artmasına imkan yaradır. Bu həm də ölkənin müdafiə diplomatiyasının güclənməsinə və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınmasına töhfə verir. Azərbaycanın həm daxili, həm də xarici siyasətində strateji üstünlüklər yaradır. Hərbi sənayenin inkişafı ölkənin təhlükəsizlik təminatını gücləndirir, investisiya cəlbediciliyini artırır və Azərbaycanın regional və qlobal səhnədə nüfuzunu möhkəmləndirir. Bu tendensiyalar uzunmüddətli perspektivdə ölkənin hərbi, iqtisadi və geosiyasi mövqeyini daha da gücləndirəcəkdir".