"Dünyada tamamilə yeni reallıqlar formalaşır" - ŞƏRH EDİLDİ

9 Yanvar 2026 14:37 (UTC+04:00)

"Bu gün dünyada tamamilə yeni reallıqlar formalaşır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, xüsusilə də son illərdə baş verən qanlı toqquşmalar, müharibələr, ölkələrin bir-birinə qarşı təhdidlərinin artması və eyni zamanda ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi, bundan əvvəl Rusiya-Ukrayna arasında, İsrail-Fələstin arasında, eləcə də son günlərdə İran istiqamətində cərəyan edən hadisələr göstərir ki, dünyada çox təhlükəli proseslər gedir: "Eyni zamanda yeni dünya nizamının və yeni dünya reallıqlarının formalaşması istiqamətində proseslər sürətlənir.

Xüsusilə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsində biz bir daha şahid olduq ki, cənab Prezident dünyada hüququn artıq işləmədiyini və “kim güclüdürsə, o haqlıdır” prinsipinin önə çıxdığını açıq şəkildə bəyan etdi. Bu da Prezidentin son illərdə dəfələrlə vurğuladığı reallıqlardan biridir. Həqiqətən də bu gün beynəlxalq hüquq işləmir və bu istiqamətdə artıq ABŞ real addımlar atır. ABŞ beynəlxalq təşkilatlardan sürətlə çıxmağa başlayıb və bu, gələcəkdə digər ölkələr üçün də real siyasi kursa çevrilə bilər. Digər tərəfdən isə artıq NATO-nun da fəaliyyətində müəyyən problemlərin müşahidə olunması təhlükəli tendensiyadır. Çünki bu, beynəlxalq anarxiyanın artmasına və güc prinsipinin daha da ön plana çıxmasına səbəb olur.

Əgər beynəlxalq hüquq işləmirsə, beynəlxalq təşkilatlar öz funksiyalarını yerinə yetirə bilmirsə, onda dünya nizamsızlığa, daha çox qarşıdurmalara sürüklənir. Bu baxımdan ölkələr artıq öz təhlükəsizliklərini regional ittifaqlarla və ikitərəfli əməkdaşlıq formatlarında təmin etməyə çalışırlar. Xüsusilə Türk Dövlətləri Təşkilatı kimi platformalar bu mənada ön plana çıxır. Beləliklə, gələcək dövrdə beynəlxalq münasibətlərdə çoxqütblü, parçalanmış və regional bloklara əsaslanan bir sistemin formalaşmasının şahidi olacağıq".