"Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan Prezidentinin nümayəndəsi var və o, ayrı-ayrı bölgələrə baxırlar və idarəetmə sistemi hələlik effektli işləyir. Ancaq digər bölgələrdə rayon icra hakimiyyətləri, şəhər icra hakimiyyətləri mövcuddur. Yəni, bunlarla paralel də yeni idarəetmə sistemi qurulur. Bildiyimiz kimi, idarəetmə sistemi həmişə dəyişir, canlı bir orqanizm kimidir. Çünki dünyada gedən proseslər, dünyanın qabaqcıl ölkələrindəki idarəetmə metodları öyrənilir və tətbiq olunur. Yəni, yenidən vəzifə təyinatı etməyə ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu mənada Azərbaycan da bir inkişaf etmiş ölkə kimi dünyanın aparıcı ölkələrinin praktikasından, nümunəsindən istifadə edir və bizə də, məsələn, hər bir rayonda əvvəllər rayon icra hakimiyyətləri mövcud idi və burada həm böyük məmur ordusu var idi, həm də işin effektivliyi nisbətən az idi: "Ona görə də Azərbaycan Prezidentinin tətbiq etdiyi bu yeni sistem çox güman ki, gələcəkdə Azərbaycan iqtisadi rayonlara bölünüb, artıq da 14 iqtisadi rayon var və o rayonlar üzrə də Prezidentin səlahiyyətli nümayəndəlik təsis ediləcək və rayonlar daha effektiv, daha sürətli şəkildə idarə olunacaq. Yəni, məmur öz maraqlarına xidmət edən bir fiqura çevrilməsin deyə, nümayəndələrin qarşısını almaq üçün effektiv tədbirlər görülür. Məhz Azərbaycanın son illərdə əldə etdiyi müvəffəqiyyətlər idarəetmə sistemində də göz önündədir. Məsələn, bu gün baxın – “ASAN xidmət” sistemi. Əvvəllər jeklərə gedirdin, orada bir arayış almaq üçün kiməsə nəsə verməli olurdun – 3 manat, 5 manat. Amma bu gün bunlar hamısı mərkəzləşdirilib və heç kimə əlavə pul ödənmədən sən arayış almaq üçün rüsumunu dövlətin büdcəsinə köçürürsən və sənə lazım olan sənədi alırsan. Yaxud da, məsələn, torpaq sahəsini bölürsən artıq bu tip işlər məmur təması olmadan “ASAN xidmət”də həyata keçirilir. Son dövrlərdə yenə də sənə imkan verilir ki, sürücülük vəsiqəsinin alınması, pasportun alınması, şəkil və s. bu xidmətləri də insan özü həyata keçirə bilsin. Bütün bunlar korrupsiyanın və rüşvətxorluğun qarşısının alınmasına yönəlmiş tədbirlərdir. Bu gün bizim bir çox sahələr var ki, artıq effektiv işləyir. Məsələn, həm “ASAN xidmət” sistemi, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, məsələn, pensiya fondu – əvvəllər kiməsə xahiş etmək lazım idi, nəyisə düzəltmək üçün kimləsə danışmaq lazım idi. Amma indi sən ərizəni verirsən və onlar qanunvericiliyə uyğun şəkildə baxırlar. Hesab edirəm ki, əgər düz baxmasalar, gələcəkdə onlar öz işlərini itirirlər, məsuliyyət daşıyırlar.
Son dövrlərdə Ədliyyə Nazirliyi sistemində yaranan şəffaflıq da özünü göstərir. Notariat sistemində əvvəllər sözün həqiqi mənasında “əyri yollar” var idisə, bu gün artıq öz işini itirməkdən qorxan məmurlar bu işlərə getmirlər və dövlətin qanunları ilə məsələləri həll edirlər. Ümumiyyətlə hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan Prezidentinin irəli sürdüyü bu nümayəndəlik institutu həmin 14 iqtisadi rayonda tam tətbiq ediləcək və idarəetmədə yeni bir mərhələyə keçəcəyik. Yəni, məmur–vətəndaş münasibətləri qanun çərçivəsində tənzimlənəcək və bu da hesab edirəm ki, əsrin bəlası, cəmiyyətin bəlası olan korrupsiya və rüşvətin qarşısının alınmasında çox effektiv rol oynayacaq".