"ABŞ-ın beynəlxalq təşkilatlardan çıxması ilə bağlı xəbər həqiqətən beynəlxalq hüquq, beynəlxalq münasibətlər və beynəlxalq siyasi təhlükəsizlik arxitekturası baxımından çox narahatedicidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, ABŞ dünyanın hegemon ölkəsidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və veto hüququna malikdir: "Əgər ABŞ beynəlxalq təşkilatlardan çıxırsa, bu o deməkdir ki, dünyada baş verən və baş verə biləcək böyük münaqişələr - istər Rusiya-Ukrayna müharibəsi, istər Yaxın Şərqdə alovlanan yeni münaqişələr kontekstində - ABŞ beynəlxalq təşkilatlarda iştirak etmək və öhdəlik daşımaq istəmir. Bu, beynəlxalq hüququn faktiki olaraq artıq effekt vermədiyini göstərir.
Beynəlxalq münasibətlər çox gərgin bir mərhələyə qədəm qoyur. Ölkələrin beynəlxalq hüquqa və təşkilatlara istinad etməsi artıq əvvəlki gücdə deyil. ABŞ-ın bu addımı digər böyük dövlətləri də oxşar yolla getməyə vadar edə bilər. Bu xüsusilə NATO çərçivəsində ciddi nəticələrə səbəb olacaq. Çünki ABŞ Qrenlandiya üzərində suverenlik iddiaları ilə çıxış edir və bu, Danimarka və Avropa İttifaqı ilə fikir ayrılıqlarını dərinləşdirir. Rusiya-Ukrayna müharibəsi fonunda da Avropa İttifaqı ilə ABŞ arasında ciddi fikir ayrılığı var. Almaniya kansleri və Fransa prezidenti Emmanuel Makronun son açıqlamaları göstərir ki, NATO və Aİ ölkələri arasında qarşıdurmalar arta bilər. Bu isə NATO-nun zəifləməsi və ya yenidən nəzərdən keçirilməsi ilə nəticələnə bilər.
NATO-nun əsas təşəbbüskarı və maliyyə-hərbi yükünü çəkən ölkə ABŞ-dır. Əgər ABŞ beynəlxalq təşkilatlardan çıxmaq və NATO-ya münasibətini dəyişmək istəyirsə, bu, təşkilat daxilində böhran yaradacaq. Bu həm də BMT-nin əhəmiyyətsizləşdiyini bir daha göstərir. “Dünya 5-dən böyükdür” fikri burada yenidən aktuallaşır.
Belə bir şəraitdə Azərbaycanın və Türk Dövlətləri Təşkilatının güclənməsi çox vacibdir. 2026-cı ildə bu təşkilatın hərbi təlimlər keçirməsi, dünyada baş verən böhranlara cavab olaraq ən uyğun addım olardı. Bu yolla biz regional təhlükəsizliyimizi və milli maraqlarımızı qoruya bilərik".