Azərbaycanın təhsil sistemində mühüm yeniliklərdən biri olan 2026-2027ci tədris ili üçün dərslik layihələrinin ictimai müzakirəsinə rəsmi olaraq start verilib. Maraqlı tərəflər layihələrlə tanış olub rəy və təkliflərini verə bilərlər. Bu proses müəllimlər, valideynlər və elm adamlarının dərsliklərin keyfiyyətinə təsirini təmin edir. Bəs, ictimai rəy bu yeniliklərdə nə dərəcədə nəzərə alınır? Hansı dərsliklərin yenilənməsi və əlavələr edilməsinə ehtiyac var?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bununla bağlı zaman-zaman dövrü mətbuat, sosial şəbəkələr, həm sahəyə aid olan, həm də olmayan hər kəs tənqid səsləri qaldırıb:
"Elm və Təhsil Nazirliyi də dəfələrlə bu məsələ ilə bağlı açıqlamalar verib. Xüsusilə son günlər, ənənəvi sentyabr müşavirəsində qeyd olunub ki, hazırkı dərsliklər artıq tələb olunan səviyyəni qarşılamır. Bildirilir ki, dərsliklərlə bağlı yeni fikir və layihələr hazırlanmalı, müzakirələrdə şəxsi maraqlar kənara qoyulmalıdır. Yəni "müəllif mən olum" yanaşması artıq önəm daşımır. Fərdi təşəbbüslərdən çox ümumi maraqlar ön plana çıxmalıdır. Bu baxımdan artıq belə bir təşəbbüs var və dərsliklərin geniş müzakirəyə çıxarılması nəzərdə tutulur. Bugünə qədər dərs vəsaitləri çap olunarkən bir neçə müəllif onların hazırlanmasına məsul olur, müəlliflik hüququ qorunurdu, lakin geniş ictimai müzakirə imkanı yaranmırdı. Yeni qaydalarla isə 2026-2027-ci tədris ilinə nəzərdə tutulan dərsliklərin müzakirəsi hər kəs üçün açıq olacaq. Artıq sosial şəbəkələrdə, mətbuatda və digər ictimai platformalarda səslənən təkliflər rəsmi portala göndərilə biləcək. Bununla da, dərsliklərlə bağlı geniş müzakirələr yekunlaşacaq. İndiyə qədər iştirak edənlərin bir qismi dərslikdə nə olduğunu və nə olmadığını tam bilmir; yeni sistemdə isə hər kəs dərslik vəsaitlərini izləyib öz rəyini bildirə biləcək. Nəticədə daha mükəmməl dərslik ortaya çıxacaq. Artıq burada şəxsi maraqlar və müəllif hüquqları önəm daşımayacaq. Bundan sonra belə mövzular müzakirələrdə yer almayacaq və proses tam şəffaf şəkildə davam edəcək".