"Ölkəmizin 65%-dən çoxunu gənclər təşkil edir. Bu da o deməkdir ki, gənclər cəmiyyətin əsas aparıcı qüvvəsidir. Əlbəttə ki, gənclərimizə inanmaq, güvənmək yalnız onların enerjisi ilə bağlı deyil; bu inam və güvənin formalaşması həm də cəmiyyətin gənclərə dəstək göstərməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu isə bizim nəslin üzərinə düşən bir vəzifədir və eyni zamanda mənəvi borcumuzdur: "Gənclər, adından da göründüyü kimi, gəncdirlər, enerjilidirlər, onların potensialı yüksəkdir. Onlara olan inam məhz bu xüsusiyyətlərindən irəli gəlir və onları cəmiyyətdə fərqləndirir.
Bilirsiniz ki, 30 ildən artıq torpaqlarımız düşmən işğalı altında qalmışdı. Ölkə başçımızın apardığı uğurlu siyasət, onun iradəsi, zəkası, vətənə və xalqa olan sevgisi, milli ordumuzun rəşadəti və gənclərimizin dəstəyi sayəsində biz 44 günlük, analoqu olmayan bir müharibədə böyük zəfər qazandıq. Bu zəfərdə gənclərimizin rolu danılmazdır. Ona görə də gənclər heç vaxt diqqətdən kənarda qalmamalıdır.
Bugünkü dövrdə, yüksək texnologiyaların inkişaf etdiyi bir zamanda, gənclərə daha çox ehtiyacımız var. Onlar bizim gələcəyimizdir. Əgər bu gün hansısa uğura imza atırıqsa, bu, gənclərimizin hesabınadır. Mən də uzun illərdir gənclərlə işləyən bir insan kimi deyə bilərəm ki, istedadlı, bacarıqlı, özünə güvənən gənclərimiz çoxdur. Onlar sosial həyatda, ictimai mühitdə və çalışdıqları sahələrdə fəallıq göstərirlər. Lakin eyni zamanda hələ də öz yolunu tapa bilməyən, karyera qura bilməyən, təhsildə və cəmiyyətdə geri qalan gənclər də mövcuddur.
Son zamanlar sosial şəbəkələrin geniş yayılması gənclərə həm müsbət, həm də mənfi təsir göstərib. Amma burada əsas məsələ odur ki, kim sosial şəbəkədən necə istifadə edir. Bəzi gənclər bu platformalardan öz inkişafı üçün istifadə edir, müxtəlif təlimlərə qatılır, bilik və bacarıqlarını artırır. Digərləri isə mənfi tərəfə yönələ bilər. Bu isə daha çox həmin şəxsin psixoloji vəziyyəti və öz üzərində işləyib-işləməməsi ilə bağlıdır. Ona görə də hər şeyi yalnız sosial şəbəkələrin üzərinə atmaq doğru deyil. Sosial şəbəkələr dövrün tələbidir, bundan qaçmaq mümkün deyil. Vacib olan odur ki, bu imkanlardan doğru istifadə edilsin. Mən o gəncləri xüsusilə təqdir edirəm ki, sosial şəbəkələrdən düzgün istifadə edərək özlərinə dəyər qatırlar.
Mən o gəncləri xüsusilə təqdir edirəm ki, sosial şəbəkələrdən düzgün istifadə edərək özlərini inkişaf etdirirlər, özlərinə özgüvən yaradırlar. Hətta elə gənclərimiz var ki, artıq özləri belə sosial platformalar yaratmaq iqtidarındadırlar. Bu isə onların texnoloji biliklərinin və yaradıcı potensiallarının göstəricisidir. Ona görə də düşünürəm ki, gənclərdə özgüvənin aşağı olması sosial şəbəkələrlə deyil, birbaşa həmin gəncin öz üzərində necə işləməsi, özünə münasibəti və özünə hörməti ilə bağlıdır".