"Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarının Çin mətbuatında xüsusi diqqətlə qarşılanması qətiyyən təəccüblü deyil. Çünki Çin və Azərbaycan arasında olduqca yaxın münasibətlər var və bu münasibətlər hər ötən gün daha da inkişaf etməkdə davam edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Çin Azərbaycanın strateji tərəfdaşıdır: "Artıq bu barədə sənəd imzalanıb. Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanaraq qüvvəyə minib və hazırda münasibətlər məhz bu status çərçivəsində inkişaf etdirilir.
Azərbaycan üçün Çin olduqca önəmli dövlətdir. Çünki Çin dünyanın aparıcı dövlətlərindən və ən iri iqtisadi-ticari güclərindən biridir. Azərbaycanla Çin arasında iqtisadi-ticari münasibətlər yüksək səviyyədədir. Eyni zamanda, Çin istehsalı olan hərbi texnika da Azərbaycan üçün maraqlıdır və böyük ehtimalla yaxın gələcəkdə hərbi sahədə əməkdaşlıq da genişlənəcək.
Digər tərəfdən, Azərbaycan da Çin üçün strateji əhəmiyyətə malik ölkədir. Çinin əsas hədəflərindən biri Avropaya daha effektiv və rentabelli iqtisadi-ticari marşrutlar qurmaqdır. Bu baxımdan Zəngəzur dəhlizi Çinin maraqları baxımından böyük əhəmiyyət daşıyır. Artıq Çin öz ticarət yüklərini Azərbaycan üzərindən Qərb bazarlarına çıxarmağa başlayıb.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Çin üçün açar mövqeyə malikdir. Yaxın gələcəkdə Orta Asiya, bütövlükdə Asiya, Cənubi Qafqaz, Türkiyə, Yaxın Şərq və Avropa məkanını birləşdirəcək iqtisadi-ticari layihələrin reallaşmasında Azərbaycanın mərkəzi dövlət kimi çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bu səbəbdən Çin–Azərbaycan münasibətlərinin inkişafı strateji əhəmiyyət daşıyır".