NİİM Maştağa-Zabrat yolunda qəzaların tez-tez baş verməsinin səbəblərini açıqlayıb

8 Yanvar 2026 12:23 (UTC+04:00)

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Eyni yolda bu ayın 3-də minik avtomobillərinin birinin idarəetməni itirib, yol kənarına aşması və yanvarın 6-da baş verən digər qəza səbəbindən də yolda ləngimə yaranıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat verilib.

Bildirilib ki, NİİM-in apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən cari il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır.

“Qeyd olunanları nəzərə alaraq, sürücüləri daha məsuliyyətli olmağa və yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.