"Azərbaycanın hərbi sənayesinin ixrac istiqamətində gücləndirilməsi əhəmiyyətli fəaliyyətdir" -ŞƏRH EDİLDİ

8 Yanvar 2026 12:20 (UTC+04:00)

"Azərbaycanın hərbi sənayesinin ixrac istiqamətində daha da gücləndirilməsi olduqca əhəmiyyətli fəaliyyətdir. Unutmayaq ki, bölgəmizdə, yəni Qafqazda və hətta Mərkəzi Asiyada hərbi sənayesi mövcud olan və hərbi sənayeni ixrac istiqamətində daha da inkişaf etdirməyə imkanları olan ölkə demək olar ki, yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu sahədə Azərbaycan bu bölgənin də lideri sayıla bilər: "Hərbi sənayenin ixrac müstəvisində gücləndirilməsi birinci növbədə ölkənin özünün hərbi potensialı üçün əlavə dividendlər gətirir. Çünki bu halda ölkə xaricdən hərbi təyinatlı malların alınmasına maliyyə vəsaiti sərf etmir. Üstəlik, onun satışı ilə dövlətin xeyli miqdarda gəlir əldə etməsi imkanı yaranır. Və təsadüfi deyil ki, ölkənin başçısı bu günlərdə bir neçə televiziyaya verdiyi müsahibəsində yaxın dövr üçün Azərbaycanın hərbi sənaye ixracından gəlirlərinin 1 milyard dollara çatdırılması ilə bağlı bir perspektiv göstərdi. Bu, çox maraqlı, düşündürücü və həm də cəlbedici perspektivdir. Digər tərəfdən, hərbi sənaye ixracı müəssisələrinin Azərbaycanın özünün yerli kapitalı hesabına, yerli sahibkarların hesabına yaradılması da çox vacib bir istiqamətdir. Çünki Azərbaycanda yerli sahibkarlığın gücü başqa sahələrdə artıq özünü göstərib. Amma yerli iş adamlarının, biznes adamlarının hərbi sənaye müəssisələrinin istehsalına cəlb edilməsi yeni bir istiqamətdir və bu da Azərbaycana əlavə dividendlər gətirəcək.

Eyni zamanda, ölkəmizin hərbi sənaye istehsalına birbaşa investisiyaların cəlb edilməsi də çox əlamətdardır. Bu sahədə Azərbaycanın Türkiyə və İsraillə əməkdaşlığının ilkin elementləri var və bunun çox böyük perspektivləri mövcuddur. Beləliklə, hərbi sənaye istehsalı və onun ixrac coğrafiyasının genişləndirilməsi Azərbaycan üçün mühüm inkişaf perspektivlərindən biridir. Bu, bölgəmizdə də aydın məsələdir ki, hərbi-iqtisadi balansın dəyişməsinə öz təsirini göstərəcək. Çünki burada söhbət Azərbaycanın həm hərbi, həm də iqtisadi-ticarət baxımından güclənməsindən gedir. Ancaq bu balansın yeni forma alması bölgənin xeyrinədir. Çünki Azərbaycan bölgədə təcavüzkar siyasət aparmaq əvəzinə, bölgə dövlətləri arasında daha çox əməkdaşlığın, ticarətin və birliyin saxlanmasına yönəlik fəaliyyət göstərir".