Kolumbiya prezidenti Trampa zəng edib

8 Yanvar 2026 11:49 (UTC+04:00)

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa narkotiklərlə bağlı vəziyyəti müzakirə etmək və iki ölkə arasında digər mübahisəli məsələləri həll etmək üçün zəng edib. ABŞ lideri Petro ilə əlaqəyə görə minnətdarlığını bildirib və onu Ağ Evə səfərə dəvət edib.

Petro yanvarın 7-də ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirib və onlar ikitərəfli mühüm məsələləri müzakirə ediblər. Söhbətin ardınca Tramp özünün “Truth Social” sosial media hesabında söhbətin tonundan razı qaldığını və Kolumbiya lideri ilə gələcək görüşə ümid etdiyini bildirib. Tramp bəyan edib ki, Petro iki ölkə arasında narkotiklərlə bağlı vəziyyəti və “digər fikir ayrılıqlarını” aydınlaşdırmağa çağırıb. "Mən onun zəngini və söhbətin tonunu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşməyi səbirsizliklə gözləyirəm", - Ağ Ev rəhbəri yazıb.

Bundan əlavə, ikitərəfli danışıqlar çərçivəsində ABŞ dövlət katibi Marko Rubio Kolumbiyanın xarici işlər naziri Rosa Yolanda Villavisensio ilə dialoq aparır. İki lider arasında münasibətlər bundan əvvəl də gərgin idi. Tramp açıq şəkildə Petronu tənqid edib, onu “qanunsuz narkotik alverçisi” və “dəli” adlandırıb və Kolumbiyada kokain istehsalı ilə bağlı narahatlığını bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu müharibə ilə hədələyib. O, Venesueladan sonra Vaşinqtonun narkotik ticarəti ilə mübarizədə hədəf alacağı növbəti ölkə Kolumbiya olacağını bildirib. Kolumbiya lideri Qustavo Petro ABŞ prezidenti Donald Trampın Venesueladakı əməliyyatdan sonra mümkün hərbi əməliyyatlarla bağlı eyhamlarına cavab verib. O, ölkəsinin müdafiəsi üçün yenidən silaha sarılmağa hazır olduğunu bəyan edib.

V.VƏLİYEV