Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 min mənzil verilib

7 Yanvar 2026 12:44 (UTC+04:00)

Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlı icra edilən mühüm sosial proqramlardan biri də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramıdır.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: “Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur”.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırığı əsasında həmin proqram möhtəşəm Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonra 5 dəfə genişləndirilib. Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn dəstək tədbirlərindən biri də onların minik avtomobilləri ilə təmin edilməsidir.

Həmin kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 7 min 700, o cümlədən postmüharibə dövründə 567 avtomobil verilib və növbədə olanların avtomobillə təminatı başa çatıb.