"İnsanın özünü dərk etməsi daha çox yeniyetməlik dövründən başlayır və ömrünün sonuna qədər davam edə bilən bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bəzən insanlar daha yetkin yaşlarda özünü dərk etməyə başlayırlar: "Hər bir insan üçün ən böyük xoşbəxtlik ondadır ki, o, erkən yaşlardan özünü dərk etməyə başlayıb bunun üzərində işləyə bilsin.
Əgər bir insan özünü dərk edirsə, özündəki mənfi cəhətləri və müsbət xüsusiyyətləri görə bilir və mənfi cəhətləri dəyişdirməyə çalışır. Əgər bu dəyişiklik üçün səy göstərirsə, onun həyatında müsbət nəticələr baş verir. Əgər dəyişə bilmirsə, bu zaman insan daim narazı, özünü qınayan və özünü digərlərinə nisbətən aşağı hiss edən bir vəziyyətə düşür.
İnsanın dəyişmək istəsə də dəyişə bilməməsinin əsas səbəbləri arasında plansızlıq, iradəsizlik, səbirsizlik və bəzən də özünü çox tez dəyişdirmək istəyi yer alır. Bəzən də insanın xarakterində olan müəyyən xüsusiyyətlər, məsələn, artistlik, dəyişimin qarşısını alır. Belə hallarda insanlara psixoloji və ya psixiatrik yardım lazım ola bilər ki, bu da onların psixoloji durumlarını stabilləşdirə və daha sağlam formalaşmalarına yardım edə bilər. Amma mən düşünürəm ki, iradəsi güclü olan, planlı şəkildə hərəkət edən və öz üzərində işləyən hər bir insan zamanla özünü dəyişdirməyi bacarır".