Yeni il gələndə insanlar həm ümidlə, həm də bir qədər narahatlıqla qarşılayırlar. Yeni ilin bizə nə gətirəcəyini tam bilmək mümkün olmasa da, iqtisadi sahədə bəzi proqnozlar bunu göstərir. Xüsusilə inflyasiya və qiymət dəyişiklikləri gündəlik həyatımıza birbaşa təsir edir. Yeni qiymətlər yalnız alış-veriş və büdcəyə təsir etmir, həm də ailələrin xərcləmə vərdişlərini, bizneslərin investisiya qərarlarını və ümumi iqtisadi sabitliyi müəyyən edir. SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.
.jpg)
O bildirib ki, yeni ildə bizi nə gözləyir deyəndə, əsas mövzulardan biri inflyasiyadır: "Həm Mərkəzi Bank, həm də hökumət qiymətlərin artacağını proqnozlaşdırır. 2025-ci il üçün hökumət inflyasiyanı təxminən 5% səviyyəsində, Mərkəzi Bank isə 5,17% səviyyəsində qiymətləndirir. Bu o deməkdir ki, gələn il ərzində ümumi qiymətlər təxminən bu qədər yüksələcək. Qiymət artımı həm gündəlik həyatımıza, həm də iqtisadi qərarlarımızın formalaşmasına təsir göstərəcək.
Inflyasiyaya təsir edən amillər bir neçə istiqamətdədir. Əvvəlcə idxal inflyasiyası mühüm rol oynayır. Xaricdən gətirilən məhsulların qiymətlərinin artması daxili bazarda da qiymətlərin yüksəlməsinə səbəb olur. Bununla yanaşı, tənzimlənən qiymətlərdəki dəyişikliklər də inflyasiyanın formalaşmasına təsir edir. Məsələn, benzin və dizel yanacağının qiymətləri, eləcə də kommunal xidmətlər-elektrik, su, qaz və digər xidmətlərin tarifləri artdıqca, ümumi qiymət səviyyəsi yüksəlir.
Nəticədə, həm idxal, həm də daxili qiymət dəyişiklikləri insanların gündəlik xərclərinə təsir edəcək, ailə büdcələrində müəyyən tənzimləmələr tələb olunacaq. Hökumət və Mərkəzi Bankın proqnozları isə iqtisadi planlaşdırma və maliyyə strategiyalarının formalaşdırılmasında əsaslı rol oynayacaq".