İtalyan müğənni Vittorio Qriqolonun Moskvadakı konserti ləğv edilib...

3 Yanvar 2026 19:41 (UTC+04:00)

...İtalyan opera müğənnisi Vittorio Qriqolonun 7 yanvarda Moskvada keçirilməsi planlaşdırılan konserti təşkilatçı tərəfindən müqavilə pozuntularına görə ləğv edilib.

SİA-nın məlumatına görə, bu barədə sənətçinin meneceri Alessandro Ariosi TASS-a bildirib.

Onun sözlərinə görə, "Alliance" prodüser şirkəti 23 dekabrdan bəri faktiki olaraq susur və rəsmi məktub və sorğulara cavab vermir.

...Sankt-Peterburqda təşkil etdikləri konsertlərlə bağlı bir çox narahatlığımız var idi: texniki hazırlıq zəif, təşkilati səhvlər var idi və fortepiano konsertinin yeri heç bir xəbərdarlıq edilmədən dəyişdirilib. İndi isə 7 yanvarda Moskvada keçirilməsi planlaşdırılan konsert ləğv edilib. "Alliance" nümayəndələri yoxa çıxıb və zənglərə və mesajlara məhəl qoymurlar, - Ariosi deyib.

O, təşkilatçının ödəniş cədvəli də daxil olmaqla müqavilənin şərtlərinə əməl etmədiyini və sənətçinin Rusiyaya planlaşdırılan uçuşuna baxmayaraq, logistika məlumatı vermədiyini vurğulayıb.

...Bu yaxınlarda Türk Hava Yolları ilə əlaqə saxladım və öyrəndim ki, Qriqolonun uçuş bileti ləğv edilib və pul təşkilatçıya qaytarılıb. Belə bir şəraitdə təşkilatçılara necə etibar edə bilərik?-deyə menecer qeyd edib.

Ariosi həmçinin Qriqolonun Rusiyadakı çıxışlarına tələbatın az olması ilə bağlı məlumatları da təkzib edib.

...Rusiyada verdiyimiz bütün konsertlərin biletləri çox satılıb qurtarmışdı. Gələcəkdə onun artıq çıxış etdiyi məkanlarda yenidən çıxış edəcəyik. Bu konsertlərin ləğvi ilə bağlı problem bu şirkət tərəfindən lazımi təbliğatın olmaması idi, - deyə Ariosi vurğulayıb.

O, məhkəmə iddiasını istisna etməyib.

...Biz təşkilatçıya konsertləri keçirmək üçün hər fürsəti verdik; sənətçi gəlib çıxış etməyə hazır idi. Lakin onların qeyri-peşəkar davranışı və tamamilə ünsiyyətsizliyi bizə məhkəmə iddiasından başqa alternativ qoymur, - deyə müğənninin nümayəndəsi yekunlaşdırdı.

Nazlı Almuradova