Zina etməyi qadağan edən yeni cinayət məcəlləsi qüvvəyə minib...

3 Yanvar 2026 21:15 (UTC+04:00)

...İndoneziyada 2026-cı ilin yanvar ayında yeni Cinayət Məcəlləsi qüvvəyə minib. Bu qanuna nikahdan kənar cinsi əlaqələri qadağan edən müddəa daxildir.

Ölkə parlamenti tərəfindən 2022-ci ilin dekabr ayında təsdiqlənən qanun təkcə vətəndaşlara deyil, həm də məşhur Bali adasına səfər edənlər də daxil olmaqla xarici turistlərə şamil edilir.

Yeni müddəaya görə, yalnız yaxın qohumlar - aldadılmış həyat yoldaşı, valideynlər və ya uşaqlar - məhkəmə iddiası qaldırmaq hüququna malikdirlər.

Günahkar bilinərsə, təqsirləndirilən şəxs bir ilə qədər həbs cəzası ilə üzləşir.

Köhnəlmiş müstəmləkə qanunlarını əvəz etmək üçün hazırlanmış yeni məcəllə zina etməyi qadağan etməklə yanaşı, küfrü də cinayət hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə, Amnesty International dəyişikliyi tənqid edərək, onu vətəndaş azadlıqlarına "ciddi zərbə" adlandırıb.

Buna baxmayaraq, qanunvericilərin bu addımı dünyanın ən böyük müsəlman ölkəsində ənənəvi ailə və dini dəyərlərin gücləndirilməsinə sadiqliyini əks etdirir.

Əli Babayev