Ağcabədi pambıqçıları 2025-ci təsərrüfat ilini uğurla başa vurublar. Tarlalardan 41 min 268 ton məhsul əldə olunub ki, bu da rayon üzrə son 10 ilin ən yüksək göstəricisidir.
SİA-nın məlumatına görə, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə bildirib ki, rayonda 2025-ci təsərrüfat ilində “Azərpambıq” MMC-nin Ağcabədi filialı, “Prime cotton” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC, “Hüseyn Pambıq İK” MMC, “Prime cotton” MMC-nin Ağdam filialı, “Azərpambıq” MMC-nin Ağdam filialı, “Azərşəkər” MMC və “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə, 11 min 821,7 hektar sahədə pambıq becərilib. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində yüksək məhsuldarlığa nail olunub. Fermerlərdən 298 nəfəri 45 sentnerdən yüksək məhsul əldə edib. Rayon üzrə orta məhsuldarlıq isə 34,9 sentner olub.