“Bu yanaşma, Qarabağ bölgəsini prioritet istiqamət kimi müəyyənləşdirən strateji baxışın təzahürüdür. Hazırda ölkənin memarlıq və şəhərsalma sahəsində əsas prinsip və konsepsiyaları məhz Qarabağ ərazisində tətbiq olunur”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, sözügedən yanaşma yalnız Qarabağla məhdudlaşmır, paralel olaraq Bakı şəhərini də əhatə edir. Paytaxtda mövcud qəzalı yaşayış fondunun mərhələli şəkildə yenidən qurulması, onların yerində müasir memarlıq standartlarına cavab verən yeni yaşayış və ictimai binaların inşası nəzərdə tutulur:
“Bu prosesin əsas parametrləri, prioritet istiqamətləri və icra mexanizmləri aidiyyəti qurumlar və mütəxəssislər arasında aparılacaq müzakirələr nəticəsində daha dəqiq şəkildə müəyyənləşdiriləcək. Dövlət başçısı genişmiqyaslı quruculuq və yenidənqurma fəaliyyətlərinin həyata keçirilməsini mühüm strateji hədəf kimi qarşıya qoymuşdur. Gözləntilərə görə, bu proses uzunmüddətli xarakter daşıyacaq və ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verərək, cəmiyyətin yaddaşında “quruculuq ili” kimi formalaşacaq.
Prezident tərəfindən hər hansı sahəyə xüsusi diqqət və önəmin göstərilməsi həmin sahənin ölkənin gələcək inkişafı baxımından strateji əhəmiyyətə malik olduğunu göstərir və bu istiqamətdə aparılan siyasətin davamlılığını təmin edir”