İndoneziyada nikahdan kənar birgə yaşayış qadağan edildi

2 Yanvar 2026 14:42 (UTC+04:00)

İndoneziyada müstəmləkəçilik dövründən qalan cinayət hüququnu aradan qaldıran və uzun illər üzərində işlənildikdən sonra 2022-ci ildə qəbul edilən yeni Cinayət Məcəlləsi bu gün qüvvəyə minib.

SİA xarici xəbər saytlarına istinadən məlumat verir ki, İndoneziya 1945-ci ildə müstəqillik qazandığı Hollandiya dövründən qalan, müasir cəmiyyətin dəyərləri ilə uyğun gəlmədiyi üçün tənqid olunan cinayət hüququ sistemini geridə qoyur.

Yeni cinayət qanunlarının hazırlanması istiqamətində uzun illər aparılan işlərdən sonra parlament tərəfindən 2022-ci ildə təsdiqlənən 345 səhifəlik “İndoneziya Cinayət Məcəlləsi” bu gündən etibarən tətbiq olunmağa başlayıb.

Endoneziya Hüquq və İnsan Hüquqları nazirinin müavini Edvard Hiariej bildirib ki, “Yeni Cinayət Məcəlləsi yalnız cəzalandırmaya deyil, vurulmuş ziyanın aradan qaldırılmasına və cəmiyyətə yenidən inteqrasiyaya üstünlük verir.” Bununla belə, yeni qanun bəzi insan hüquqları təşkilatları tərəfindən tənqid olunur.

Nikahdan kənar birlik və dövlət qurumlarına təhqir cəzalandırılacaq

Yeni Cinayət Məcəlləsinə əsasən, həm İndoneziya vətəndaşları, həm də əcnəbilər üçün zina cinayət sayılır.

Zinaya görə 1 ilə qədər həbs, nikahdan kənar birgə yaşayışa görə isə 6 aya qədər həbs cəzası nəzərdə tutulur. Lakin zina ilə bağlı işlər yalnız həyat yoldaşı, valideynlər və ya uşaqların şikayəti əsasında araşdırılacaq.

Qanun çərçivəsində fəaliyyətdə olan prezidentə və vitse-prezidentə, dövlət qurumlarına və milli ideologiyaya təhqir də cinayət məsuliyyəti yaradır.

“Marksist-leninçi təşkilatlarla əlaqə qurmağa” görə 10 ilə qədər, “kommunist ideologiyasını yaymağa” görə isə 4 ilə qədər həbs cəzası tətbiq edilə bilər.

Qanuna əsasən, dölün 12 həftədən kiçik olması şərti ilə həyat üçün təhlükə yaradan tibbi hallar və zorlanma nəticəsində yaranan hamiləliklərdə aborta icazə verilir.

Cinayət Məcəlləsində dəyişiklik təklifləri etirazlara səbəb olmuşdu

Dünyanın ən böyük müsəlman əhalisinə malik ölkələrindən biri olan İndoneziya, Hollandiya müstəmləkəçiliyi dövründən qalan cinayət qanunvericiliyində uzun illərdir islahat aparmağa çalışırdı.

İndoneziya Parlamentində 2019-cu ildə də Cinayət Məcəlləsində dəyişiklik təklifi irəli sürülmüşdü. Nikahdan kənar münasibətlər, dövlət başçısına təhqir və korrupsiya ilə bağlı bu dəyişikliklər ölkə miqyasında geniş etirazlara səbəb olmuşdu.

Həmin dövrdə prezident Coko Vidodo on minlərlə insanın küçələrə çıxdığı etirazlardan sonra dəyişikliklərin parlamentdə səsverməsinin təxirə salınmasını istəmişdi.