Birlik, milli kimlik və Vətən sevgisi daim xalqımızı həmrəy edib...

1 Yanvar 2026 21:44 (UTC+04:00)

İsveçin paytaxtı Stokholmda SAF Birliyi və Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 70-dən çox azərbaycanlının iştirak etdiyi tədbirdə SAF Birliyinin sədri Sevda Dadaşova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, 31 dekabr azərbaycanlıları birləşdirən ən böyük dəyər olmaqla yanaşı, birlik, milli kimlik və Vətən sevgisi daim xalqımızı həmrəy edib.

“Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bayrağı altında bir araya gəlmək bizim ən böyük mənəvi qazancımızdır. SAF olaraq daim bu birliyi qorumağa və möhkəmləndirməyə çalışacağıq”, - deyə S. Dadaşova bildirib.

Sonra iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək milli həmrəyliyin əhəmiyyətini bir daha qeyd ediblər.

Tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxış edərək bu ölkədə fəaliyyət göstərən SAF dərnəyinin gördüyü işlərdən danışıb, icmamızın birliyi, mədəniyyətimizin tanıdılması və gənclərə göstərdiyi dəstəyi xüsusi qeyd edib. “Səfirlik olaraq, icmamızın təşəbbüslərini hər zaman yüksək dəyərləndirir və əməkdaşlığımızın daha da genişlənəcəyinə inanırıq”, - deyə Ə. Nağlyev qeyd edib.

Daha sonra “Afrodita” Mədəniyyət Dərnəyinin sədri Aygül Yusubova, gənc yazar və şair Nərgiz Yusifova, Türk diaspora üzvü Melinda Verilalmaz, eləcə də Azərbaycandan gəlmiş qonaqlar – aktyor və rejissor, Barometr TV-nin müdiri Ər-Toğrul Kamalov və azad jurnalist Leyla Hüseynova çıxış edərək həmrəylik və milli birlik barədə fikirlərini bölüşüblər.

Tədbir, həm İsveçdə yaşayan azərbaycanlıların birliyini gücləndirməyə, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən əlamətdar hadisə kimi dəyərləndirilib.

Bayram süfrəsi arxasına davam edən tədbirdə rəngarəng rəqslər, əyləncəli oyunlar və viktorinalar təşkil olunub, eləcə də Şaxta Baba uşaqlara hədiyyələr təqdim edib.

Tədbir bayram atəşfəşanlığı ilə başa çatıb.