Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – milli birliyin və mənəvi gücün rəmzi -JALƏ ƏLİYEVA

1 Yanvar 2026 11:42 (UTC+04:00)

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə təqvimdə bir bayram günü deyil, dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlının milli kimliyini, tarixi yaddaşını və vətən sevgisini bir amal ətrafında birləşdirən mühüm ideoloji dəyərdir. Bu əlamətdar gün Azərbaycan xalqının həmrəyliyinin, milli ruhunun və gələcəyə yönəlmiş birliyinin simvoludur.

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu ideya zamanla dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Məhz onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilmiş və bu gün bütün azərbaycanlılar üçün ortaq bayrama çevrilmişdir. Bu tarix Azərbaycan xalqının milli şüurunun möhkəmlənməsi və diaspor fəaliyyətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünya azərbaycanlılarının həmrəyliyi daha da güclənmiş, diaspor təşkilatlarının fəaliyyəti sistemli və məqsədyönlü xarakter almışdır. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə çatdırılmasında, milli maraqlarımızın qorunmasında fəal mövqe nümayiş etdirirlər. Xüsusilə Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi birlik və həmrəylik milli tariximizin qürurverici səhifələrindən biri olmuşdur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə xidmət edir. Bu gün azərbaycanlı olmağın qürurunu yaşatmaq, ana dilimizi, mədəniyyətimizi, tariximizi qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyəti hər bir soydaşımızın üzərinə düşür.

Bu əlamətdar gün bizə bir daha xatırladır ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir. Coğrafi sərhədlər bizi ayıra bilər, lakin ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və milli ruhumuz bizi daim birləşdirir. Güclü dövlətin təməlində güclü birlik dayanır və bu birlik Azərbaycan xalqının ən böyük sərvətidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı birliyə, qarşılıqlı dəstəyə və milli maraqlar ətrafında sıx birləşməyə çağırırıq. Həmrəyliyimiz gücümüzdür, gücümüz isə Azərbaycanın parlaq gələcəyinin təminatıdır.

Bayramınız mübarək!