Səudiyyə Ərəbistanı separatçılara silah göndərilməsi barədə xəbərlərdən sonra Yəmənin cənub-şərqindəki Mukalla limanına hava hücumları təşkil edib.
SİA xəbər verir ki, yerli medianın məlumatına görə, silahlar Birləşmiş Ərəb Əmirliklərindəki bir limandan Yəmənə çatdırılıb.
Reuters bu barədə regional mənbələrə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü bildirib ki, iki gəmi Hadramaut əyalətində yerləşən Mukalla limanına icazəsiz daxil olub.
O əlavə edib ki, gəmilər izləmə sistemlərini sıradan çıxarıb və çoxlu sayda silah və hərbi texnikanı boşaldıb.
Buna cavab olaraq koalisiya təyyarələri yükü vuraraq onu tamamilə məhv edib.
Mülki şəxslər arasında itki olmayıb. Səudiyyə Ərəbistanı əvvəllər separatçı qrupları şərqdəki Hadramaut və Əl-Mahra əyalətlərində hərbi əməliyyatlar aparmamaq barədə xəbərdar edib.
Ər-Riyad həmçinin ölkənin milli təhlükəsizliyinə hər hansı bir təhdidin "qırmızı xətt" təşkil etdiyini bildirib. Səudiyyə Ərəbistanı hakimiyyəti həmçinin Birləşmiş Ərəb Əmirliklərini 24 saat ərzində qoşunlarını Yəməndən çıxarmağa və separatçılara dəstəyi dayandırmağa çağırıb. Yəmən 2014-cü ildən bəri vətəndaş müharibəsi vəziyyətindədir. Bu müddət ərzində hökumət qüvvələri, separatçı qruplar və Husi hərəkatı ölkəyə nəzarət uğrunda mübarizə aparıb.
2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanı doqquz Afrika və Yaxın Şərq ölkəsindən ibarət koalisiyaya rəhbərlik edərək münaqişənin nəticəsinə təsir göstərmək məqsədi ilə müdaxilə edib.
Əli Babayev