"Sağlam həyat tərzi davranışa çevrilməli həyat seçimidir" - HƏKİM AÇIQLADI

30 Dekabr 2025 16:36 (UTC+04:00)

"İnsanlar sağlam həyat tərzinin nə qədər vacib olduğunu bilirlər, amma bu bilik gündəlik vərdişlərə çevrilmir. Bu, sadəcə iradə zəifliyi deyil; məsələ tibbi, psixoloji, sosial və həyat tərzi aspektlərinin bir-birini tamamlayan təsiri ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında həkim Fidan Həsənli deyib.

Onun sözlərinə görə, tibbi aspektlərə baxaq: "İnsan orqanizmi, xüsusilə də beyin və sinir sistemi, hər zaman sağlam seçimlərin tərəfində olmur. Min illər boyu “sağ qalmaq” üçün formalaşan beynimiz enerji baxımından zəngin qidaları və hərəkətsizliyi mükafat kimi qəbul edir. Şəkər və yağla zəngin qidalar dopamin ifrazını artıraraq qısa müddətli rahatlıq yaradır, halbuki sağlam qidalanma və fiziki aktivlik nəticəni dərhal göstərmir. Bununla yanaşı, yüksək təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri kimi xroniki problemlər illərlə simptomsuz davam edə bilir. İnsan özünü yaxşı hiss etdikcə təhlükəni real qəbul etmir və profilaktikanı sonrakı mərhələyə saxlayır.

Psixoloji faktorlar da əhəmiyyətlidir. İnsanlar tez-tez profilaktik müayinələrdən qorxurlar; “birdən pis nəticə çıxarsa?” düşüncəsi motivasiyanı zəiflədə bilir. Müasir insan sürətli nəticəyə alışıb, halbuki sağlam həyat tərzi səbr və davamlılıq tələb edir. Bir neçə gün və ya həftə ərzində fərq görməyən insan motivasiyasını itirir. Bundan əlavə, cəmiyyətdə tez-tez “ya tam ideal, ya da heç nə” yanaşması mövcuddur; bir dəfə səhv edən insan özünü uğursuz hesab edir və tamamilə imtina edir.

Həyat tərzi və qidalanma aspektləri də bu məsələdə mühüm rol oynayır. Uzun iş saatları, oturaq iş rejimi və fiziki aktivlik üçün əlverişli şəraitin olmaması insanı hərəkətsizliyə sürükləyir. Sosial mühitdə kalorili fast-food, azhərəkətli yaşam və gecə yuxusuzluğu “normal” qəbul olunur. Qida seçimi isə çox vaxt iqtisadi imkanlar və əlçatanlıqla məhdudlaşır; sağlam qida bahalıdır və hər zaman əl altında olmur.

Sosial aspektlər də nəzərə alınmalıdır. Dostlar və ailə ilə birlikdə keçirilən vaxtlarda qeyri-sağlam qidalar, fiziki aktivliyin olmaması və stressli həyat tərzi normallaşır. Sağlam seçim edən insan isə tez-tez özünü mühitə uyğun olmayan biri kimi hiss edir.

Həkim olaraq əsas gördüyümüz məqam budur: problem təkcə bilik çatışmazlığı deyil, biliklərin real davranışa çevrilməməsidir. Davranış dəyişikliyi qorxu ilə deyil, mərhələli, anlayışlı və empatik yanaşma ilə mümkündür. Sağlam həyat tərzi cəza və ya məcburiyyət kimi yox, həyat keyfiyyətini artıran bir vasitə kimi təqdim edilməlidir. Profilaktik müayinələr isə xəstəlik axtarışı deyil, öz sağlamlığına nəzarət forması kimi qavranmalıdır. Sağlam həyat tərzi yalnız ideal olmaq üçün deyil, daha rahat, daha uzun və keyfiyyətli yaşamaq üçün lazımdır. Kiçik və davamlı addımlar, düzgün qidalanma, balanslı həyat tərzi, empatik həkim–pasiyent ünsiyyəti və dəstəkləyici sosial mühit insanı sağlam vərdişlərə doğru aparan əsas açarlardır".