2025-ci ili başa vurarkən ölkəmizdə idman sahəsində əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər və fəaliyyət nəticələrinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, müxtəlif idman federasiyalarının il ərzində gördüyü işlərin, təşkil etdiyi tədbirlərin, əldə etdiyi nailiyyətlərin və qarşıya qoyulan yeni məqsədlərin ətraflı təhlili vacibdir. Bu ilin yekunlarını sistemli şəkildə qiymətləndirmək, uğurları və qarşıya çıxan çağırışları müəyyənləşdirmək, eləcə də gələcək fəaliyyət planlarını daha səmərəli və strateji əsaslarla qurmaqdır. SİA-da məsələ ilə bağlı müvafiq qrumlar arasında sorğu keçirib.
Azərbaycan Voleybol Federasiyası (AVF): "Öz fəaliyyətini 2023-2028-ci illər üçün təsdiqlənmiş inkişaf strategiyasına əsasən həyata keçirir. Federasiyanın strateji missiyası, dəyərləri və hədəfləri voleybol idman növünün ölkədə kütləvilik, populyarlıq və mükəmməl infrastruktur prinsipləri üzərində inkişaf etdirilməsinə yönəlib. Bu çərçivədə regionlarda müxtəlif yaş qrupları üzrə yarışların keçirilməsi, liqaların genişləndirilməsi, məşhur idmançılar vasitəsilə seminar və master-klassların təşkili kimi tədbirlər həyata keçirilir. Yüksək liqa çərçivəsində qadın və kişi komandalarının iştirakçı sayının artırılması, gənc voleybolçuların inkişafını dəstəkləmək üçün əcnəbi oyunçuların meydanda və transfer limitlərinin tətbiqi, həmçinin beynəlxalq təcrübənin tətbiqi (videotəkrar sistemi, elektron protokol) əsas diqqət mərkəzindədir. Cari mövsümdə ölkə komandaları avrokuboklarda təmsil olunmuş, əsas milli komandalar isə beynəlxalq və regional yarışlarda uğurlu çıxışlar göstərmişdir.
Aşağı yaş qrupları üzrə sistemli seleksiya və yarışlar təşkil olunmuş, ölkə üzrə 7 regional klub və filiallar vasitəsilə gənclərin inkişafı təmin edilmişdir. Hər yaş qrupu üzrə yarışlarda minlərlə gənc iştirak edir, onların fiziki hazırlığı mərkəzləşmiş məlumat sistemində qeyd olunur və mütəmadi təhlil edilir.
Çimərlik və qar voleybolu da federasiyanın prioritet sahələrindəndir. Bu sahədə ölkədə ilk çempionatların keçirilməsi və seleksiya işləri aparılır, komandalar yay mövsümünə qədər təlim və məşq toplantıları keçirir.
Yerli mütəxəssislərin inkişafı federasiyanın əsas hədəflərindəndir. Məşqçilər, hakimlər və digər mütəxəssislər üçün beynəlxalq və lokal seminar, kurslar təşkil olunur. Təlim şöbəsi tərəfindən müxtəlif səviyyəli kurslar keçirilir, yeni mütəxəssislərin cəlbi təmin edilir. Oyun və məşq prosesləri milli komanda və klublar səviyyəsində mövcud idman komplekslərində, o cümlədən federasiyanın inzibati binasında həyata keçirilir. Bu infrastruktur imkanları voleybolun davamlı inkişafına dəstək verir və gənc idmançıların yetişdirilməsində mühüm rol oynayır".
Azərbaycan Cüdo Federasiyası: "Geridə qalan il Azərbaycan Cüdo Federasiyası üçün həm nəticələr, həm də dayanıqlı inkişaf baxımından məhsuldar qiymətləndirilir. Beynəlxalq arenada məqsəd təkcə medal sayı deyil, stabil çıxışlar, reytinq mövqelərinin qorunması, çəki dərəcələri üzrə rəqabətliliyin artması və nəsillərarası keçidin güclənməsi olub. Ölkə daxilində çempionatlar, liqa mərhələləri və digər yarışlar ardıcıl şəkildə təşkil edilib, regionlarda cüdonun genişlənməsi və infrastruktur dəstəyi (məşq şəraitinin yaxşılaşdırılması, tatami təminatı, metodiki iş) davam etdirilib. Uşaq-gənclər istiqamətində isə seçmə-hazırlıq mexanizmlərinin gücləndirilməsi, təlim-məşq prosesinin keyfiyyətinin yüksəldilməsi və ehtiyat komandanın formalaşdırılması prioritet tutulub.
Yeni ildə əsas strateji hədəflər beynəlxalq turnirlərdə performansın daha da yüksəldilməsi, ehtiyat komanda sisteminin dərinləşdirilməsi, məşqçi və hakim hazırlığının müasir tələblərə uyğun təkmilləşdirilməsi, regionlarda dayanıqlı inkişafın genişləndirilməsi və 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatına hazırlığın bütün komponentlər üzrə (kadr, hazırlıq prosesi, təşkilati standartlar) yüksək səviyyədə təmin olunmasından ibarətdir".
Azərbaycan Taekwondo Federasiyası: "2025-ci il ərzində Azərbaycan taekvondoçuları bir sıra mötəbər yarışlarda uğurla çıxış etmiş, bütün yaş qrupları üzrə milli komandalar Avropa və dünya çempionatları, birinciliklər və beynəlxalq turnirlərdə ölkəmizi təmsil edərək medallar qazanmışdır. Yeniyetmə idmançılar Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında 13 qızıl, 3 gümüş və 3 bürünc medal əldə etmiş, ölkəmizdə təşkil olunan III MDB Oyunlarında isə yığma komandamız 4 qızıl, 2 gümüş və 16 bürünc medal qazanaraq tarixi nailiyyətlərə imza atmışdır. Avropa birinciliklərində kiçik yeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət komandalarımız uğurlu çıxışlar göstərmişdir. Böyüklər səviyyəsində də milli komandalarımızın üzvləri dünya və İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edərək gümüş və bürünc medallara layiq görülmüşdür. Ümumilikdə, bu il taekvondoçularımız 156 medal qazanmış, onlardan 53-ü qızıl, 30-u gümüş və 73-ü bürünc medaldır. Bu nailiyyətlər ölkəmizdə taekvondonun davamlı inkişafını və idmana olan marağın artmasını əks etdirir.
Regionlarda taekvondonun inkişafı federasiyanın prioritet istiqamətlərindən biridir. Bir çox bölgələrdə fəaliyyət göstərən klublar və bölmələr vasitəsilə gənclər məşqlərə cəlb olunur, məşqçi-müəllimlər və tanınmış idmançılar seminarlar, master-klasslar təşkil edirlər. Ölkə çempionatı və birinciliklərində fərqlənən idmançılar milli komandaya dəvət olunur. Kiçik yaş qruplarının inkişafına xüsusi diqqət yetirilir. Perspktivli idmançılar milli komandaların nəzarəti altında hazırlanır, pumse növü üzrə yarışlar təşkil olunur və milli nümunəvi çıxış komandası (Demo team) yaradılmışdır. Deflimpiya üzrə milli komandamız ilk dəfə olaraq müəyyənləşdirilmiş və təmsilçilər XXV Yay Deflimpiya Oyunlarında iştirak etmişdir. Yerli hakimlərin peşəkarlığının artırılması da federasiyanın prioritetlərindən biridir. Qadın və kişilərdən ibarət hakimlər beynəlxalq yarışlarda ölkəmizi təmsil edir, seminarlar və yenilənmə kurslarında iştirak edirlər. Bu il beynəlxalq yarışlarda bir neçə hakimimiz ən yaxşı referi adına layiq görülmüşdür. Ümumilikdə, bütün bu tədbirlər taekvondonun hərtərəfli inkişafını təmin etmək, regionlarda kütləviliyi artırmaq, yerli mütəxəssislərin və idmançıların peşəkarlığını yüksəltmək və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək məqsədini daşıyır".