"Yalnız cərimələr ətraf mühit pozuntularının qarşısını tamamilə almaq üçün kifayət deyil. Şəxsən mən elə hesab edirəm ki, cərimələrin təbiətə heç bir xeyiri olmur. Onların hara xərcləndiyi belə məlum olmur". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, cərimələr təbiətin mühafizəsi ilə bağlı ətraf mühit qanunvericiliyinin pozulmasının qarşısını tam şəkildə almaq üçün yetərli deyildir: "Cərimələr çoxmərtəbəli məsuliyyət sisteminin yalnız bir hissəsini təşkil edir. Bu sistem inzibati, administrativ, cinayət və maliyyə məsuliyyətini əhatə edən bütöv bir mexanizmdir. Bundan əlavə, hüquqi savadlılığın artırılması, ekoloji mədəniyyətin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, vurulmuş zərərin ödənilməsi və cinayət alətlərinin müsadirəsi kimi tədbirlərin də kompleks şəkildə tətbiqi zəruridir.
Cərimələr yalnız təbiətə zərər verməkdən çəkindirmə məqsədi daşıyır ki, bu da bəzi sahibkarlar üçün təsirli olmur. Onlar cəriməni ödəyərək istədikləri ziyanı vurmaqda davam edirlər. Cərimələrin məbləği, onların icra edilməməsi, eləcə də digər tədbirlərin yetərsizliyi əksər hallarda təbiətə vurulan zərərin və pozuntunun nəticələrini bir mənalı şəkildə kompensasiya etmir.
Cərimələrlə yanaşı, cinayət məsuliyyəti, azadlıqdan məhrumetmə, maddi məsuliyyət, yəni vurulan zərərin ödənilməsi, eləcə də intizam məsuliyyəti də mövcuddur. Lakin təkcə cəzalar kifayət deyil, eyni zamanda yaşıl texnologiyaların tətbiqi, monitorinq sistemlərinin qurulması, ətraf mühitlə bağlı maarifləndirmə və profilaktik tədbirlər üçün iqtisadi stimulların verilməsi də vacibdir.
Cərimələr müxtəlif sahələrdə tətbiq olunur. Yol hərəkəti qaydalarının pozulmasından tutmuş, vergi öhdəliklərinin yerinə yetirilməməsinə, əmək hüquqlarının pozulmasından ekoloji qanunvericiliyin tələblərinə əməl edilməməsinə qədər geniş bir sahəni əhatə edir. Cərimələrin tətbiqində əsas məqsəd fərdi və ictimai məsuliyyəti artırmaq, qanunvericiliyin aliliyini təmin etmək və qanun pozuntularını minimuma endirməkdir.
Lakin mənim fikrimcə, təbiətlə bağlı cərimələrin ətraf mühit baxımından real və davamlı faydası yoxdur. Təbiətin mühafizəsi ilə bağlı cərimələrin məbləği 100 manatdan 20 000 manata qədər müəyyən edilib. Bir ağacın kəsilməsinə görə ən yüksək cərimə tətbiq olunsa belə, bu, təbiətə dəymiş ziyanı ödəməyə qadir deyil. Bu səbəbdən əsas diqqət cərimələrə deyil, maarifləndirməyə və ekoloji düşüncənin formalaşdırılmasına yönəldilməlidir".