“Minatəmizləmə fəaliyyəti haqqında” qanunda dəyişikliklər qəbul edilib

30 Dekabr 2025 12:04 (UTC+04:00)

Milli Məclis “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, qanun layihəsini Milli Məclisin deputatı Vüqar Bayramov təqdim edib.

Qanun dəyişikliklərinin əsas məqsədi minalardan təmizləmə əməliyyatlarında iştirak edən şəxslərin hüquqi və sosial müdafiəsini təmin etmək, həmçinin azad olunmuş ərazilərdə şəhid ailələrinə və iştirakçılara dəstək mexanizmlərini təkmilləşdirməkdir.

Dəyişikliklər Vergi və Gömrük Məcəllələrinə də əks olunub. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılan minatəmizləmə işləri üçün tələb olunan texnika, ehtiyat hissələri, qoruyucu vasitələr, minaların aşkarlanması texnologiyaları və digər spesifik avadanlıqlar ƏDV və gömrük rüsumundan azad edilir. Bu, fəaliyyətin stimullaşdırılması və resursların səmərəli istifadəsini təmin edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.