“Amnistiya institutunun tətbiqi humanizm prinsipinin prioritetlərindəndir” -ŞƏRH OLUNDU

30 Dekabr 2025 11:54 (UTC+04:00)

“Təqdim olunan amnistiya aktı miqyası və əhatə dairəsinə görə müasir Azərbaycan hüquq tarixində mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu qərar həm hüquqi mahiyyəti, həm də daşıdığı humanist məzmun baxımından xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən genişmiqyaslı amnistiya, əvvəlki illərdə daha çox fərdi əfv institutuna üstünlük verildiyi bir şəraitdə, dövlətin cəmiyyətə ünvanladığı humanist və sosial məsuliyyət yönümlü mesajın bariz nümunəsidir:

“Amnistiya aktının təxminən 20 min nəfəri əhatə etməsi onun sosial təsir miqyasını əhəmiyyətli dərəcədə artırır. Hüquqi baxımdan sənəd müxtəlif kateqoriyalara aid şəxslərin cəza məsuliyyətinə diferensial yanaşmanı nəzərdə tutur. Belə ki, bir qrup şəxs cəzadan tam azad edilir, digərləri cəzanın müəyyən hissəsindən azad olunmaqla və ya şərti azadlıq mexanizmi vasitəsilə cəmiyyətə reinteqrasiya edilir. Bu yanaşma cəzanın məqsədlərinə-islah, ədalət və sosial bərpa prinsiplərinə uyğun olaraq həyata keçirilir və ölkədə aparılan hüquqi islahatların məntiqi davamı kimi çıxış edir.

Amnistiya institutunun tətbiqi hüquqi çərçivədə reallaşdırılmaqla yanaşı, dövlətin hüquq siyasətində humanizm prinsipinin prioritetliyini nümayiş etdirir. Azərbaycanda vaxtaşırı əfv və amnistiya aktlarının qəbul edilməsi cəmiyyət tərəfindən, əsasən, müsbət qarşılanır və bu praktika hüquq sistemində yumşaldıcı mexanizmlərin mövcudluğunu təsdiqləyir. Bu baxımdan amnistiya həm normativ-hüquqi akt, həm də sosial-humanitar siyasətin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir.

Amnistiyanın ilin sonunda elan edilməsi simvolik məna daşımaqla yanaşı, 2025-ci ilin ölkə üçün mürəkkəb, lakin strateji baxımdan uğurlu mərhələlərdən keçdiyi bir dövrdə ictimai konsolidasiyaya xidmət edir. Bu addım cəmiyyətdə humanist dəyərlərin möhkəmlənməsinə, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı etimadın dərinləşməsinə və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə yönəlmişdir.

Eyni zamanda, amnistiya aktında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə dair müddəaların yer almaması müəyyən müzakirələrə səbəb olmuşdur. Qarabağ Azadlıq Təşkilatı və digər vətəndaş cəmiyyəti institutları uzun müddətdir ki, bu kateqoriyadan olan məhkumların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir və onların gələcək amnistiya və əfv aktlarında nəzərə alınmasını vacib hesab edir. Amnistiya sənədinin giriş hissəsində Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və onların yaxınlarının xüsusi qeyd olunması isə sosial ədalət və tarixi məsuliyyət baxımından mühüm mesaj kimi dəyərləndirilə bilər.

Qəbul edilmiş amnistiya aktı hüquqi dövlət quruculuğu prosesində humanizm və ədalət prinsiplərinin balanslaşdırılmış şəkildə tətbiqini əks etdirir. Eyni zamanda, bu qərar gələcəkdə daha inklüziv amnistiya və əfv mexanizmlərinin formalaşdırılması üçün normativ və institusional zəmin yaradır”.