Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini qəbul edib. SİA xəbər verir ki, sənəd parlamentin plenar iclasında müzakirəyə çıxarılıb və qanun layihəsini Milli Məclisin deputatı Rizvan Nəbiyev təqdim edib.
Saziş 15 oktyabr 2025-ci il tarixində Kampala şəhərində, Uqanda Respublikasının paytaxtında imzalanıb və məqsədi iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi, rəsmi səfərlərin sadələşdirilməsidir.
Qanuna əsasən, etibarlı diplomatik pasport sahibləri digər tərəfin ərazisinə 180 gün ərzində 90 günədək vizasız səfər edə bilərlər. Daha uzun qalma hallarında isə müvafiq viza və ya yaşayış icazəsi tələb olunur. Saziş həmçinin diplomatik nümayəndəliklərdə və konsulluqlarda fəaliyyət göstərən şəxsləri və onların ailələrini də əhatə edir. Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və sağlamlıq səbəbləri ilə Sazişin tətbiqini müvəqqəti olaraq dayandırmaq hüququna malikdir və bu barədə digər tərəfi ən gec 48 saat ərzində məlumatlandırmalıdır. Sazişin müddəti 5 ildir və tərəflərin etiraz etmədiyi halda avtomatik olaraq növbəti 5 illik dövr üçün uzadılacaqdır.
Qeyd edilir ki, hazırda Azərbaycan 74 dövlətlə diplomatik pasport sahiblərinin vizadan azad olunmasına dair müqavilələrə malikdir və vizasız səfərlərin əhatəsini genişləndirmək istiqamətində işlər davam etdirilir.
Saziş həm Azərbaycan-Somali ikitərəfli münasibətlərində yeni mərhələnin başlanğıcı, həm də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin gücləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.