“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda dəyirmi masa keçirilib

30 Dekabr 2025 11:44 (UTC+04:00)

Dekabrın 29-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri” mövzusunda dəyirmi masa təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Səhiyyə nazirinin müavini Rasim İsmayılov, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və digər qurumların nümayəndələri iştirak edib.
Çıxış edənlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib. Narkomaniyanın ümumbəşəri bəla-ölkə, eləcə də milli genofondumuz üçün ən böyük təhdidlərdən biri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bu mövzu ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşib. Eyni zamanda narkotiklərlə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlər, bu istiqamətdə qurumlararası birgə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra digər dövlət qurumlarının nümayəndələrinin də mövzu ilə əlaqəli məruzələri dinlənilib. “Yeni növ narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, “Dövlət sərhədindən buraxılış məntəqələrində narkotiklərin qaçaqmalçılığı ilə mübarizə istiqamətində əldə edilmiş nailiyyətlər”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Respublika Daxili İşlər orqanlarının təcrübəsi”, “Ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin epidemioloji vəziyyət və onun xüsusiyyətləri” və digər mövzularda təqdimatlar nümayiş etdirilib.
Tədbirin sonunda mövzularla bağlı müzakirələr aparılıb.