”Analitik qiymətləndirmələrin əksəriyyətinə əsasən, növbəti ildə qızıl bazarında qiymətlərin artım istiqamətində hərəkət etməsi ehtimalı üstünlük təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, bu gözləntilər bir sıra fundamental amillərlə izah olunur. İlk növbədə, mərkəzi bankların qızıl ehtiyatlarını ardıcıl şəkildə artırması qızılın strateji aktiv kimi əhəmiyyətini gücləndirir: “Eyni zamanda qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənliklər, maliyyə bazarlarında risklərin artması, aparıcı iqtisadiyyatlarda mümkün faiz endirimləri və davam edən geosiyasi gərginliklər qızıla olan tələbi stimullaşdıran əsas faktorlar sırasında yer alır. Belə şəraitdə qızıl ənənəvi olaraq investorlar tərəfindən “təhlükəsiz sığınacaq” aktiv kimi qəbul olunur ki, bu da qiymətlərin yüksəlməsinə əlavə təkan verir.
Beynəlxalq banklar və iri investisiya şirkətləri tərəfindən hazırlanan proqnozlarda qızılın qiymətinin mövcud səviyyələrdən daha yüksək həddə çatacağı vurğulanır. Bir sıra ssenarilərdə qızılın bir unsiyasının 4 000–5 000 ABŞ dolları diapazonunda formalaşması mümkün hesab edilir. Daha ehtiyatlı yanaşmalar isə qiymət artımının nisbətən məhdud olacağını və bazarın mərhələli yüksəliş nümayiş etdirəcəyini irəli sürür. Bununla yanaşı, qısamüddətli dövrdə qiymət dalğalanmalarının baş verməsi istisna edilmir. Xüsusilə ABŞ dollarının möhkəmlənməsi və ya pul-kredit siyasətinin sərtləşdirilməsi kimi amillər qızıl qiymətlərinə müvəqqəti təzyiq göstərə bilər.
Elmi-analitik yanaşmaya görə, mövcud risklər və makroiqtisadi tendensiyalar fonunda qızıl orta və uzunmüddətli perspektivdə dəyərini qorumaqla yanaşı, artım potensialına malik aktiv kimi qalacaq. Bu baxımdan qızılın gələn il digər bir çox maliyyə alətləri ilə müqayisədə daha dayanıqlı və cəlbedici investisiya vasitəsi olacağı barədə konsensus mövcuddur”.