"Kənd təsərrüfatının gənclər üçün cəlbedici olmamasının əsas səbəbləri bir neçə iqtisadi və struktur amillə bağlıdır. İlk növbədə, bu sahə gənclərin gözündə yüksək riskli və nisbətən aşağı gəlirli fəaliyyət kimi formalaşıb. İqlim dəyişiklikləri, bazar qiymətlərinin qeyri-sabitliyi və istehsal xərclərinin artması kənd təsərrüfatını proqnozlaşdırılması çətin olan sahəyə çevirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, gənclər isə daha stabil gəlir və sürətli karyera inkişafı vəd edən sahələrə üstünlük verirlər: "Digər mühüm faktor kənd yerlərində infrastrukturun və sosial imkanların məhdud olmasıdır. Müasir gənclər üçün təkcə gəlir deyil, həyat keyfiyyəti, rəqəmsal imkanlar, sosial mühit və özünüinkişaf perspektivləri də vacibdir. Kənd təsərrüfatı isə hələ də çox zaman fiziki əmək, köhnə istehsal üsulları və zəif texnoloji təminatla assosiasiya olunur. Eyni zamanda, maliyyə resurslarına çıxışın məhdudluğu gənclərin bu sahəyə daxil olmasını çətinləşdirir. Torpaq əldə etmək, texnika almaq və istehsala başlamaq üçün tələb olunan ilkin kapital əksər gənclər üçün əlçatmazdır. Mövcud dövlət dəstək mexanizmləri olsa da, onların mürəkkəbliyi və uzunmüddətli nəticə verməsi gənclərin motivasiyasını azaldır. Problemin həlli üçün kənd təsərrüfatının müasir, texnologiyaya əsaslanan və gəlirli biznes sahəsi kimi təqdim edilməsi vacibdir. Aqrar startapların təşviqi, gənclər üçün xüsusi güzəştli kreditlər, rəqəmsal kənd təsərrüfatı modelləri və kənd yerlərində sosial infrastrukturun gücləndirilməsi bu sahəyə marağı əhəmiyyətli dərəcədə artıra bilər. Gənclər kənd təsərrüfatını yalnız dolanışıq yox, perspektivli sahibkarlıq sahəsi kimi görmədikcə, bu maraq aşağı səviyyədə qalacaq".