Polis – təhlükəsizliyin zəmanəti, ictimai asayışın keçikçisi - VƏTƏNDAŞ TRİBUNASI

29 Dekabr 2025 20:06 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyev: “Polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə, dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”

Polis istənilən sivil dövlətin, qayda-qanunu qoruyan əsas atributlarından biridir. Bu hüquq-mühafizə orqanının əməkdaşları özlərini riskə ataraq vətəndaşların həyatını, sağlamlığını və hüquqlarını qoruyur, cinayətkarlığın qarşısını alır və ölkədə ictimai təhlükəsizliyi təmin edirlər. Onların işi sadəcə xidmət deyil, yüksək məsuliyyət, peşəkarlıq və sədaqət tələb edən bir çağırışdır. Polisin Əsas vəzifəsi insanları, cəmiyyəti və dövləti qanunsuz hücumlardan qorumaq olan polis eyni zamanda törədilmiş cinayətlərə çevik və tutarlı cavab verməli, onların isti-izlərlə açılmasına nail olmalı, həm də onların qarşısını almalı və ictimai asayişi qorumalıdır.

Müasir müstəqil Azərbaycan Respublikasında da polisin üzərinə düşən əsas vəzifələr bunlardır: şəxsiyyəti, cəmiyyəti və dövləti müdafiə etmək, cinayətləri aşkarlamaq və araşdırmalar aparmaq, cinayətkarları axtarıb ədalət məhkəməsi qarşısına çıxarmaq və çətin vəziyyətə düşən vətəndaşlara kömək göstərmək. Məhz bu vəzifələrdən çıxış edərək onlar 102 qaynar xəttinə zəng edən hər bir şəxsi diqqətlə dinləməyə və səlahiyyətləri daxilində tədbirlər görməyə borcludurlar.

Kənardan baxana çox asan görünən polis peşəsi böyük risklərlə doludur. İstər polis zabitinin, istər polis nəfərinin işi dözümlülük, qətiyyət və fədakarlıq etməyə hazırlıq tələb edən gərgin şəraitdə keçir. Azərbaycanın bu günki polis zabitləri təhlükəli cinayətkarlarla mürəkkəb sosial problemlərlə və eyni zamanda müasir texnologiya əsrinin kibercinayətkarlıq deyilən ciddi çağırışlarlaqarşılaşırlar ki, bu da onlardan daim özlərini təkmilləşdirməyi tələb edir.

Prezident İlham Əliyev: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”

Bütün bunlarla yanaşı polisə xalqın, ictimaiyyətin etimadı çox böyük önəm daşıyır. Polis dürüst, qanuni şəkildə hərəkət etməli və insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalıdır. Etik standartlar, yüksək peşəkarlıq və qüsursuz nüfuz ictimai etimadın və bütövlükdə hüquq-mühafizə sisteminin effektivliyinin açarıdır. DİN rəhbərliyi tabeliyində olan polis zabitlərinin, ümumən bütün heyətin qarşısında məhz bu tələbləri qoyur v ə səmərəli fəaliyyət tələb edir.

Doğrudur, bu gün sosial şəbəkələrdə bəzi “saxta hüquq müdafiəçiləri” Azərbaycan Polisinin gördüyü işlərə kölgə salmağa çalışırlar. Belə uydurmaçılara sadəcə şəhər və rayonların məhkəmə salonlarına üz tutmaq yetər ki, görsünlər ədalət mühakiməsindəqatillərə, oğrulara, rüşvətxorlara, avtomobil oğrularına, narkotik satıcılarına və fırıldaqçılara qarşı müntəzəm olaraq nə qədər yeni məhkəmə proseslərigedir. Bəli, bu gün Daxili İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hər cür təhdidlərdən qorumağa qadir olan güclü bir sipərdir.

Məhz bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan polisi son illər cəmiyyət və xalq arasında böyük etimad qazanmışdır. Şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin əhalisinin bu gün əmin-amanlıq və rifah içində yaşamasının bir səbəbi də Azərbaycan polisinin öz postunda sərvaxt dayanmasıdır. Təbii ki, buda ilk növbədə bütün polis strukturlarına rəhbərlik edən Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun səmərəli fəaliyyətinin və şəxsi heyət qarşısında qoyduğu tövsiyə və tapşırıqların nəticəsi hesab edilməlidir.

Vilayət Eyvazov: "Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələr inkişaf etdirilməlidir"

Bu gün Daxili İşlər Nazirliyinin strukturlarında çalışan adı polis nəfərindən başlayaraq yüksək çinli polis zabitinə qədər hamı yaxşı başa düşür ki, polis əməkdaşları sadəcə hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, onlar demokratik, təhlükəsiz və ədalətli cəmiyyət quruculuğunda fəal iştirakçılardırlar. Onların işi vətəndaşların əmin-amanlığı və rifahı üçün gündəlik bir işdir və çətinliklərdən asılı olmayaraq, rollarını dərindən anlamağı və vəzifələrini yerinə yetirməyə hazır olmağı tələb edir.

Bu yazımda haqqında söhbət açacağım Lerik Rayon Polis Şöbəsi, onun rəhbər heyəti və əməkdaşları da öz fəaliyyətlərində məhz belə peşəkar hazırlıq səviyyəsi nümayiş etdirirlər. Respublikanın ucqar bölgəsində, xüsusilə payış və qış fəsillərinin sərt iqlim şəraitində xidmət edən şöbənin əməkdaşları son bir neçə ildə rayonda törədilmiş cinayətlərin aşkarlanması və açılması üçün yüksək əzmkarlıq nümayiş etdirmiş və ciddi nəticələrə nail olmuşlar. Bu səbəbdən də xüsusilə 2023-2025-ci illərdə rayonda cinayətkarlıq vəziyyəti sabit qalmış, üstəlik, cinayətkarlıq səviyyəsi əvvəlki illərə nisbətən xeyli azalmışdır. Qeydə alınmış cinayətlər arasında ağır və xüsusilə ağır cinayətlər demək olar ki, olmamışdır.

Bu fikirləri Lerik şəhərinə gedərkən mənimlə yol yoldaşı olan İntiqam müəllim danışdı. Lerik rayonunun Brkandul kənd məktəbində uzun müddət direktor olmuş və hazırda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən İntiqam Mirzəyev rayon polis idarəsinin son illərdəki fəaliyyətini təqdir edərək bildirdi ki, indi bu yerlərdə sakitlikdir. “Səmimi etiraf edim ki, ictimai asayişi qorumaq, qanun-qaydanı, qanunun aliliyini və ədaləti təmin etmək üçün Lerik Polis Şöbəsində hazırda, sözün əsl mənasında peşəkarlar, bir çoxunun geniş təcrübəsi olan məsuliyyətli və ayıq-sayıq zabitlər çalışır. Bu peşəkarların sırasında əsas sima isə əlbəttə, 2023-ci ildən Lerik Rayon Polis Şöbəsinə rəhbərlik edən polis rəisi polkovnik Ramil Mustafayevdir. O, tez-tez kəndlərə, yaşayış məntəqələrinə baş çəkir, insanlarla görüşür, deyə İntiqam müəllim rəisin fəaliyyətindən razılıqla danışdı.

Yolda avtomobilimiz xarab oldu. Bir kənara çəkib saxladım və mator olan yeri diqqətlə nəzərdən keçirdim. Bu məqamda yanımızdan polisin post-patrul xidmətinin avtomobili saxladı. Əməkdaşlardan biri düşüb maşınımıza yaxınlaşdı. “Ağsaqqal, bir kömək lazımdırmı?”, deyə soruşdu. Əvvəl özü vəziyyəti öyrəndi, sonra üzünü mənə tutub dedi: “Narahat olmayın indi qarşıdakı qəsəbədən çilingəri göndərərik problemi yoluna qoyar”. Belə də oldu. 15 dəqiqə keçməmiş özləri bir çilingəri gətirib yanımızda maşından düşürdülər. Çox çəkmədi ki, çilingər avtomobilin nasazlığını aradan qaldırdı. Yola düzəlib onu da qarşıdakı yaşayış mıəntəqəsinə çatdırdıq. Sağ olsunlar, maşın düzələndən sonra gəlib onlara təşəkkür etməyi özümə borc bildim”.

Bu hadisə sanki İntiqam müəllimin rayon polisi haqqında söhbətinin bir təsdiqi oldu. Son illər polisin ucqar dağ rayonunda yüksək etimad qazanmasını birinci dəfə deyildi eşidirdim. Bu hadisədən bir neçə ay əvvəl də yol kənarındakı çay evlərinin birində həmsöhbət olduğum Rəzəvul kənd sakini Çingiz Nəsirov və Brkandul kənd sakini Nazim Əliyev də Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarından, rəis polkovnik Ramil Mustafayevin bura gəlişindən sonra rayondakı kriminogen vəziyyətin durmadan sabitləşməsindən ürək dolusu danışmışdılar.
Əlbəttə,ölkəmizin hər bir vətəndaşı harada olmasından asılı olmayaraq, özünü təhlükəsiz hiss etməli və polis əməkdaşını özünün müdafiəçisi, həyatını, sağlamlığını, şərəf və ləyaqətini cinayətkar hücumlardan etibarlı şəkildə qoruya bilən və gənc nəsil üçün hörmətli bir nümunə olmağa layiq bir insan kimi görməlidir.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu prinsipdən çıxış edərək polis orqanlarında çalışan bütün əməkdaşlar qarşısında qoyduğu bir çox vəzifələr var: ilk növbədə, hər bir polis əməkdaşı peşəkar və savadlı olmalı, işgüzar düşüncəyə malik olmalı və ən azı müəyyən psixoloji bacarıqlara malik olmalıdır.

Eşitdiklərimdən və gördüklərimdən bu qənaətə gəldim ki, Lerik Rayon Polis Şöbəsinin əksər əməkdaşları xidməti fəaliyyətlərində yüksək mənəvi keyfiyyətlər, andlarına sadiqlik nümayiş etdirirlər. Lerik spesifik, özünəməxsus ənənələri olan bir regiondur. Burada kiçik bir hadisə dərhal bütün rayona yayılır. Bu rayonda xidmətdə olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ən xırda hərəkəti belə əhalinin gözündən yayınmır. Söhbət etdiklərim insanların münasibətindən aydın olur ki, bu gün rayonda polisə böyük etimad göstərirlər. Bu isə o deməkdir ki, ona inanırlar. Polis əməkdaşları üçün bu çox mühüm amildir.

Lerik rayonunda turizm sahəsində çalışan insanlar da polisin işindən razılıqla danışırlar. Çünki onların sahibkarlıq fəaliyyətinin uğurlu olması məhz mövcud ab-havadan çox asılıdır. Lerik səfalı təbiətə malik olduğu üçün, xüsusən yay aylarında qonaqlı-qaralı olur. Əgər Lerikin hər bir sakini ilə yanaşı, bura gələn qonaqların da özlərini təhlükəsiz hiss edirlərsə, bu ilk növbədə polisin fəaliyyəti sayəsində mümkün olub. Rayon polis şöbəsinin əməkdaşları hər bir fərdi cinayəti bütövlükdə ictimai təhlükəsizliyə təhdid kimi qəbul edirlər. Bu təhlükəni mümkün qədər minimuma endirmək üçün yorulmadan çalışırlar.

Şübhəsiz, polis rayonda fəaliyyət göstərən yeganə hüquq-mühafizə orqanı deyil. Polis digər hüquq-mühafizə orqanları və yerli hakimiyyət strukturları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik xidmətlərindəki həmkarları ilə birlikdə yüksək dərəcədə məsuliyyət nümayiş etdirməyə çalışırlar ki, bu da yaranan kriminogen vəziyyətə daha effektiv reaksiya göstərməyə, ictimai təhlükəsizliyə və bölgədə sabitliyin qorunmasına öz töhvəsini verir.
Apardığım araşdırmalardan aydın olur ki, rayon polis şöbəsinin işə belə məsuliyyətli və peşəkar yanaşması bölgədə cinayətkarlığın dinamikasına da ciddi təsir göstərib. Hazırda rayonda qətl, zorlama, qəsdən ağır bədən xəsarəti yetirmə və soyğunçuluq cinayətlərinə,demək olar, çox az rast gəlinir. Soyğunçuluq, oğurluq, silahlı soyğunçuluq və nəqliyyat vasitələrinin oğurlanması əhəmiyyətli dərəcədə azalıb.

Ekoloq olduğum üçün Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının ürəyimdən xəbər verən uğurlu fəaliyyətinin biri də onların meşələrimizin qatillərinə çevrilən insanlara qarşı barışmaz mübarizə aparmalarıdır. Bu mənim ən ağrılı yerimdir. Lerikin ecazkar təbiətinin, xüsusilə bu yerlərin bəzəyi olan zümrüd meşələrin qorunması sahəsində polisin göstərdiyi əvəvzsiz xidmətə görə onlara sonsuz minnətdarlığımı bildirirəm.

Bu gün Lerikin istər dağlıq ərazisində, istərsə də avtomagistral yol boyu yaşayış məntəqələrində insanlar, turistlər və qonaqlar hətta qaranlıq düşəndə belə gündəlik qayğıları ilə məşğul olmaq üçün arın-arxayın və sərbəst dolanmağa, bu yerlərin füsunkar təbiətinin gözəlliyini seyr etməyə əsla narahat olmurlar. Bilirlər ki, Lerik Rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşları asayişi qorumaq üçün həftənin 7 günü 24 saat növbədədirlər. Növbətçi hissədən xəbər gələn kimiçağırış məntəqəsinə ən yaxın olan heyət dəqiqələr keçməmiş orada hazır olur. Yeri gəlmişkən, yol-hərəkəti qaydalarının təhlükəsizliyinin təmin olunmasında böyük xidmətlər göstərən yol-polis əməkdaşlarının fəaliyyəti də təqdirəlayiqdir.

Əminliklə deyə bilərəm ki, “102” qaynar xəttinə edilən heç bir zəng cavabsız qalmır. İstər Bakı, Sumqayıt olsun, istər Lənkəran, Masallı, Astara, Lerik, Gədəbəy və yaxud hansısa ucqar bir kənd. Bütün polis orqanlarının əməkdaşları kimi Lerik Rayon Polis Şöbəsinin əməkdaşları da hər bir vətəndaşın sorğusuna dərhal cavab verir və qüvvədə olan qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edirlər. Bu müqəddəs işdə vətəndaş olaraq bizim öhdəmizə düşən vəzifə isə bu işdə onlara yardım etməkdir.

Fürsətdən istifadə edib bütün polis əməkdaşlarını “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni ili” münasibətilə təbrik edir, şərəfli peşə fəaliyyətlərində onlara yeni-yeni uğurlar arzulayıram.

Bəxtiyar HÜSEYNOV,
yazıçı-publisist